“Kəpəz”in Gəncə şəhər stadionuna qayıdışı təkcə klub üçün yox, ümumilikdə premyer-liqa üçün müsbət haldı. Çünki bunun sayəsində “sarı-göylər”in hər ev oyununda azı 10 min tamaşaçı olur, gəncəli futbolsevərlərin tribunaları doldurması sayəsində əsl futbol bayramı yaşanır. Əlbəttə, belə mənzərə bizi ancaq sevindirə bilər. Ancaq necə deyərlər, hər gözəlin bir eybi var.
Söhbət tərəfdarların yol verdiyi qayda pozuntuları üzündən “Kəpəz”in ciddi maddi itkilərlə üzləşməsindən gedir. “Football-plus.az” xatırladır ki, “sarı-göylər” 3-cü turda “Turan Tovuz”la oyun bitəndən sonra meydançaya kənar şəxs daxil olduğuna görə 2500 manat cərimə edilib. Bununla yanaşı, azarkeşlər həm Qərb derbisində, həm də 5-cü turda “Qəbələ” ilə matçda pirotexniki vasitədən yararlanıb. “Kəpəz” bu halın ilk dəfə yaşanması üzündən 3000, ikinci dəfə təkrarlanması səbəbindən 5000 manat ziyana düşüb. 4-cü turda “Şamaxı”ya qarşı görüşdə isə qaydalara riayət olunub. Beləliklə, azarkeşləri “sarı-göylər”i iki ev oyununda 10500 manat ziyana salıb.
Maraq üçün qeyd edək ki, həm meydançaya kənar şəxsin daxil olması, həm də pirotexniki vasitədən istifadə halları təkrarlandığı təqdirdə cərimə məbləği kəskin artır. Hələ onu demirik ki, hakimlər briqadasının, rəqib komandanın ünvanına işlədilən təhqiramiz ifadələrlə bağlı daha sərt qaydalar mövcuddu. Xoşbəxtlikdən gəncəlilər hələ belə qayda pozuntularına yol verməyib. Yenə də hadisələrin axarı bu cür davam etsə, “Kəpəz” azı bilet satışından qazandığı məbləği AFFA-nın cibinə qoymalı olacaq. Ümid edək ki, gəncəli futbolsevərlər bu işdən İntizam Komitəsinin yox, klubun qazanclı çıxmasına töhfə verməyə çalışacaq.
KƏNAN BAHADIR
“Kəpəz” azarkeşləri klubu yox, İntizam Komitəsini varlandırır!
Ölkə futbolu / Manşet






