“Maliyyə yardımı olmasa, fəaliyyətimizi dayandıracağıq” – “Lənkəran”ın cəmi üç gün vaxtı var

9.09.2026 14:30 513
Manşet / Müsahibə
Region Liqasında üç mövsüm mübarizə aparan “Lənkəran” növbəti dəfə də bu çempionatda mübarizə aparmaq niyyətindədi. Amma..

“Football-plus.az” xəbər verir ki, klub prezidenti Rəhman Abasov bu gün yeni mövsümlə bağlı media nümayəndələri ilə görüşüb:

- Klub 2023-cü ildən fəaliyyət göstərir. İki dəfə 1/4 finala qədər irəliləmişik. Sponsorumuz yoxdu. Öz əziyyətimizlə bura qədər gəlmişik. İşçilərimiz, futbolçularımız, hakimlərimiz maliyyəsiz işləyir. Özlərinin ayrı peşəsi olsa da, bölgə futbolu üçün bizimlə bu yola çıxıb. Komandanın lisenziyasının müddəti bitib. Gələcək fəaliyyətimizi davam etdirmək üçün sponsora ehtiyacımız var. Bizneslə məşğul olan şəxslərə, iş adamlarına bununla bağlı üz tuturuq ki, bölgə klubunu irəli aparaq. 3 ildi hər kəs mübarizə aparır. Mən klub rəhbəri kimi xərcləri ödəmişəm. Məşqçilər, futbolçular, həkimlər gəlir gözləmədən çalışıb ki, Lənkəran futbolu inkişaf etsin. Bu il 1/4 finala qədər irəliləyən yeganə sponsorsuz komandaydıq. Futbolun İnikaşf Fonduna müraciət etmək üçün 2-ci liqada çıxış etmək lazımdı. Mən özüm iş adamı deyiləm. Təqaüddə olan polis işçisiyəm.

- Mübariz Mənsimova müraciət etmisiz?
- Bu həftə müraciətlərimiz olub. “Palmali”yə və Lənkəranda fəaliyyət göstərən bir neçə şirkətə müraciət etmişik. Futbol elə sahədi ki, maliyyə nə qədər çox olsa, yaxşı olar. Büdcəsiz böyük işlər görmüşük. Yol, forma, qidalanma xərclərini özüm qarşılamışam. Futbolçularla birlikdə hərəkət etmişik. Ötən il bir matçda məğlub olmuşduq. Mən müavinə tapşırmışdım ki, uşaqların qidalanması təşkil olunsun. Daha sonra öyrəndim ki, uşaqlar həmin yeməyi yeməyiblər ki, bunu biz haqq eləmirik.

Ötən ildən Lənkəran Olimpiya Kompleksində çıxış edirik. Dəyərini deyə bilmirəm. Hazırda ora icarəyə verilir.

Maliyyə yardımı olmasa, yəqin ki, fəaliyyətimizi dayandıracağıq. Son tarix sentyabrın 12-di. Həmin günə qədər gözləyəcəyik. AFFA-nın hansısa klubun qarşısında mane yaratdığını görməmişəm.

“Xan Lənkəran” komandasında, daha sonra U-17-də fəaliyyət göstərirdim. Sonradan “Lənkəran” klubunu yaratdım. Bizlə işləmək istəyən iş adamları, biznes sahibləri, şirkətlərin marketinqinin inkişafı üçün bizim də təkliflərimiz var.

Bu klub tək mənim deyil, hər kəsindi. Zaur Ramazanov və Alim Qurbanovla əlaqəmiz var. Onlarla görüşlərimiz olub. Onlarla Lənkəran futbolu ilə bağlı söhbətlərimiz olub. Onların bölgədə kifayət qədər nüfuzu var.

İSRAYIL XEYRULLAYEV