Xəbər verdiyimiz kimi, Misli premyer-liqasında 5-ci turdan etibarən ev oyunlarını “Araz-Naxçıvan” Şamaxıda, “İmişli” Yevlaxda keçirəcək.
“Qırmızı-ağlar” mövsümün əvvəlki ev matçlarını Qəbələdə keçirdisə, “pələnglər” yalnız səfərdə meydana çıxmalı oldu. “Şamaxı” da Aran təmsilçisi ilə eyni taleyi bölüşdü. Bunlardan bəhs ediriksə, səbəbini də xatırladaq: Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov elita klublarının yarışının püşkatma tədbirində media nümayəndələrinə açıqlamasında bildirdi ki, isti hava şəraitinə görə süni işıqlandırma sistemi olmayan komandalar ev oyunlarını səfərdə keçirməli olacaqlar. Çünki həmin stadionlarda matçlar yalnız gündüz keçirilə bilər ki, belə durum hər iki komanda üçün təhlükəlidi.
Öz aramızdı, başverənlər ilk baxışdan düşünülmüş qərarın nəticəsi kimi görünür, ancaq dərinə getsək, heç də bütün problemlərin aradan qalxmadığının şahidi oluruq. Söhbət ondan gedir ki, stadionunda süni işıqlandırma sistemi olmayan klublar bu qərardan dərs çıxarmadı! Yalnız səfərdə oynamaq məcburiyyətinə dözdülər və indi yenidən bütün standartlara cavab verməyən idman qurğularında premyer-liqa oyunları keçiriləcək. Matçlar isə təbii ki, gündüz saatlarında baş tutacaq. Bunun ilk nümunəsi artıq gözlərimizin önündədi. Şamaxı şəhər stadionunda şahidlik edəcəyimiz “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşması saat 16.30-da start götürəcək. Əlbəttə, “Şamaxı”nın da görüşləri belə erkən saatlara təyin olunacaq, “İmişli”nin də. Niyə? Çünki klublar stadionu süni işıqlandırma sistemi ilə təchiz etmək əvəzinə futbol qurumlarının belə demək mümkündüsə, sanksiyalarına boyun əyməyi üstün tutur.
Bu gün, yəqin ki, təkcə bizi yox, hamını maraqlandıran sual var: Azərbaycan futbolu PFL-in məlum qərarından nə qazandı? Bəli, futbolçular günorta saatlarında qızmar günəşin altında meydana çıxmalı, tər tökməli olmadılar. Daha hazırlıqlı stadionlarda, özü də axşam saatlarında oynadılar və beləcə yayın istisinin fəsadlarından xilas oldular. İş ondadı ki, ev oyunlarını süni işıqlandırma sistemi olmayan stadionlarda keçirən klublar da xərc çəkməkdən, idman qurğularına projektor quraşdırmaq məsuliyyətindən xilas oldular. Üstəlik səfərdə oynadıqları matçların əvəzində 2-ci dövrədə evdə oynayacaqlar. Kəsəsi, bu addım ölkə futboluna böyük fayda vermədi. Sadəcə, başaldatma, manipulyasiya kimi göründü. “Şamaxı”nın baş meneceri Kamran İsmayılov isə Əsasnaməyə arxalanaraq, bu cür əmrin, tələbin olmadığını dedi.
Adamı yandıran odu ki, Kamran bəy haqlıdı. Görünür, premyer-liqa kimi nüfuzlu, ciddi, böyük məsuliyyət tələb edən yarışın əsas qayda-qanunlarında boşluqlar var və bəzi klublar həmin çatışmazlıqlardan gen-bol istifadə etməkdən, biz jurnalistlər tərəfindən sorğu-sual olunduqda isə bunu asanlıqla dilə gətirməkdən çəkinmir. İşlərin bu həddə çatmasında, təbii ki, PFL-in klublara loru dildə desək, yumşaq yanaşmasının rolu var.
Heç şübhəsiz, xüsusən, bölgələrdə futbolun inkişafını arzulayırıqsa, qurum daha sərt mövqe göstərməli, tələblər qətiləşməlidi. Dövlətin maliyyə dəstəyi də varsa, bu qədər güzəşt yetər!
KƏNAN BAHADIR
Stadionunda projektor olmayan klublar PFL ilə oyun oynayır
Ölkə futbolu / Manşet






