“Bu iş uzun vaxt aparacaq” - “şirlər”in işığı yanmır...

2.09.2026 21:58 23
Ölkə futbolu / Aktual
PFL premyer-liqada çıxış edən və stadionunda süni işıqlandırma sistemi olmayan klublara ilk 4 turu səfərdə keçirmək üçün icazə verilmişdi. Qurum klublara həmin müddət ərzində bu problemi aradan qaldırmağı tövsiyə etmişdi. Ötən yazılarımızda “Şamaxı”nın da bu istiqamətdə addımlar atdığını və yaxın müddətdə stadionda süni işıqlandırma sisteminin quraşdırılacağını xəbər vermişdik.

Bu həftə premyer-liqada 4-cü turun görüşləri keçiriləcək. Bəs “şirlər” problemi aradan qaldırıbmı?

Bununla bağlı məlumat almaq üçün “Şamaxı”nın baş meneceri Kamran İsmayılovla əlaqə saxladıq:

“İlk 4 turda süni işıqlandırma sistemi olmayan stadionlarda ev oyunlarının keçirilməsi qadağan edilmişdi. Biz də həmin oyunların yerini dəyişmişdik. Ardıcıl səfər oyunları keçirmiş olduq. Buna baxmayaraq, həmin görüşləri itirməmişik. İkinci dövrədə həmin rəqiblərlə oyunlarımız Şamaxıda olacaq. Amma “ilk 4 tur ərzində işıqlandırma sistemi quraşdırılmalıdı” kimi şərt qoyulmamışdı. Heç bir sənəddə, əmrdə və ya Əsasnamədə belə bənd yoxdu. Bu, sadəcə, tövsiyə edilmişdi. Biz də stadionumuzda işıqlandırma sisteminin olmasını istəyirik.

Beşinci turda onsuz da səfərdə oynayacağıq. Altıncı turdan etibarən isə cədvələ uyğun olaraq ev oyunlarını öz stadionumuzda keçirəcəyik. İşıqlandırma sisteminə gəlincə, biz bunu mövsüm ərzində quraşdırmağı planlaşdırırdıq. Hazırda stadionda bununla bağlı işlərə başlanılıb, proses gedir. Lakin bu, qısa müddətdə həll olunası məsələ deyil. Söhbət bir-iki həftədən, hətta bir-iki aydan getmir. Bu iş uzun vaxt aparacaq”.


İSRAYIL XEYRULLAYEV