"Sabah" komanda şəklində yaxşı təzyiq edir" - Maykl Karrik

9.09.2026 17:32 0
Avrokuboklar / Manşet
“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la keçiriləcək oyundan əvvəl mətbuat konfransında iştirak edib.

"Football-plus.az" xəbər verir ki, ingiltərəli mütəxəssis təmsilçimizi yaxşı tanıdıqlarını və rəqibin güclü tərəflərinin fərqində olduqlarını bildirib.

“Sabah”dan nə gözləyirsiz?” suallna cavab olaraq Kerrik deyib:

“Onlar çox yaxşı məşqçi tərəfindən çalışdırılan komandadı. Çox oyunlarda qalib gəliblər və özlərinə inamlıdılar. Komanda şəklində yaxşı təzyiq edirlər. Buna görə də hansı rəqiblə qarşılaşacağımızı bilirik”.

Karrik Çempionlar Liqasında komandasının qarşısına böyük hədəflər qoyduğunu, lakin bununla yanaşı realist olmağın vacibliyini vurğulayıb:

“Turnirdə irəli getmək üçün növbəti addımı atmaq özümüzdən asılıdı. Təvazökar və realist olmalıyıq. Bruno Fernandes indiyədək Çempionlar Liqasında cəmi bir pley-off mərhələsində oynayıb. İrəliləmək bizim əlimizdədi. İstədiyimiz yerə mümkün qədər tez çatmaq istəyirik, amma bunun üçün hansı addımların atılmalı olduğunu da başa düşməliyik. Biz həqiqətən böyük işlər görməyə qadirik. İstənilən rəqiblə qarşılaşıb qalib gələ bilərik”.

“Mançester Yunayted”in son illərdə Avropa turnirlərindəki nəticələri barədə danışan Karrik keçmişə realist yanaşmağın vacibliyini qeyd edib:

“Yaxın keçmişdə hansı nəticələrimizin olduğunu anlayacaq qədər təvazökar olmalıyıq. Bu, uğur qazanmaq istəyimizi və gözləntilərimizi azaltmır. Amma realist olmaq lazımdı. Əsas məsələ qarşıda bizi nələrin gözləməsidi. Bu mərhələyə hazır olan komandamız var. Öyrənməyə və inkişaf etməyə davam etməliyik”.

Baş məşqçi “Sabah”la görüşdə mümkün rotasiyaya da münasibət bildirib:

“Məhz buna görə geniş heyətimiz var. Rəqiblərin müəyyən güclü tərəflərinə və fərqli oyun üslublarına uyğunlaşmalıyıq. Cümə axşamı, sonra çərşənbə günü oynayacağıq. Əsas məsələ heyəti düzgün idarə etmək və futbolçularımıza güvənməkdi. Oynamağa hazır olan hər kəs meydana çıxa bilər”.

Sıx təqvim və qarşıdakı Mançester derbisi ilə bağlı Karrik deyib:

"Bu, məni narahat etmir. İdeal vəziyyət deyil, amma bununla bağlı edə biləcəyimiz çox şey yoxdu. Bizə düşən vəziyyətə uyğun hərəkət etməliyik”.

Karrik “Mançester Yunayted”in Çempionlar Liqasında mümkün qədər uzun müddət mübarizə aparmaq istədiyini də vurğulayıb:

“Əsas çağırış budu – Çempionlar Liqasında qalmağa davam etmək. Bura gəlmək üçün yaxşı iş görmüşük, amma irəliləmək istəyirik. Bizdə nəyəsə nail ola biləcəyimizə dair gözlənti, ümid və inam olmalıdı. Cavab həmişə qələbə qazanmaqdı. Nə qədər çox oyun qazansaq, turnirdə daha irəli getmək şansımız da bir o qədər çox olar”.

“Mançester Yunayted”in baş məşqçisi Çempionlar Liqasının onun üçün xüsusi turnir olduğunu bildirib:

“Bu, sehrli turnirdi. Biz məhz burda olmaq istəyirik. Bu fürsətdən maksimum yararlanmaq niyyətindəyik. İllər ərzində bu turnirdə xüsusi gecələrin şahidi olmuşuq. Ən yaxşılarla qarşılaşaraq özünü sınamaq üçün ən yaxşı yarışdı. Burda olduğumuz üçün çox şadıq, amma bura sadəcə bu anın dadını çıxarmaq üçün gəlməmişik. Biz bura işimizi görməyə gəlmişik”.

Karrik futbolçu kimi Çempionlar Liqasını qazanmasını karyerasının ən böyük uğuru adlandırıb:

“Bəli, şübhəsiz, futbolçu kimi yaşadığım ən gözəl hiss idi. Uzun illər yüksək səviyyədə oynamaq insana məmnunluq verir, amma Çempionlar Liqasını qazanmaq yaşadığım ən gözəl hissdi. Bunu yenidən yaşamaq çox gözəl olardı”.

Xatırladaq ki, “Mançester Yunayted” - “Sabah” oyunu sabah "Old Trafford"da keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlanacaq.