Vlahoviçə neçə oyunluq cəza veriləcək?

9.09.2026 16:31 0
Dünya futbolu
Türkiyə karyerasına əla start verən ''Beşiktaş''ın forvardı Duşan Vlahoviç cəza təhlükəsi ilə üzləşib.

Məlum olduğu kimi ötən şənbə günü ''Beşiktaş'' Vlahoviçin qələbə qolunu vurduğu derbidə səfərdə ''Fənərbaxça''nı 2:1 məğlub etdi. O görüşdə serbiyalı ulduzla ''Fənər''in müdafiəçisi Milan Şkrinyar arasında bir neçə dəfə gərginlik yaşandı. Həmin gərginliklərdən birində Vlahoviç əli ilə Şkrinyara qarşı xoşagəlməz bir hərəkətlə yadda qaldı. Onun bu hərəkəti kameralara da düşdü.

Türkiyə mətbuatında Vlahoviçin bu hərəkətə görə cəza ala biləcəyi haqda yayılan iddialar təsdiqini tapmaq üzrədi. Bu gün Nizam İntizam Komitəsi sovqləri açıqlayıb. Tanınmış futbolçu rəqibi təhqir etdiyinə görə Türkiyə Futbol Federasiyasının İntizam Təlimatnaməsinin 41-ci maddəsi ilə NİK-ə sövq edilib. Bu maddəyə görə minimum 2, maksimum 5 oyunluq cəza nəzərdə tutulub!

Bundan başqa hər iki klub çirkin təzahüratlar və meydan olayları üzündən, eləcə də oyundan sonra hakimi tənqid edən ''Fənər'' başqanı Əziz Yıldırım ilə vinger Kərəm Aktürkoğlu futbolun etibarını zədələməyə yönəlmiş acıqlamalara görə NİK-ə sövq edilib. ''Beşiktaş'' sosial şəbəkədəki paylaşımında Vlahoviçlə bağlı duruma belə etiraz edib:

''Vlahoviçin sövqü Türkiyə futbolunun ədalət və bərabərlik prinsipindən tamamilə uzaq bir şəkildə idarə olunduğunu göstərir. Oyunboyu futbolçumuzu təxribata çəkən rəqib oyunçunun NİK-ə sövq edilmədiyi bir yerdə futbolçumuzun sövqü qəbul edilməzdi''.

Cəza açıqlandıqdan sonra ''Beşiktaş''ın dərhal apellyasiya verəcəyi gözlənilir.