''Fənər''in yarımmüdafiəsində kim oynayacaq?

9.09.2026 13:31 0
Dünya futbolu
Fanatları önündə derbidə ''Beşiktaş''a uduzmaqla böyük şok yaşayan ''Fənərbaxça'' bu uğursuzluğu Çempionlar Liqasında unutdurmaq istəyir.

İstanbul nəhəngi sabah liqa mərhələsinin 1-ci turunda İtaliya təmsilçisi ''Roma''nı qəbul edəcək. Bu çətin qarşılaşmadan öncə ''sarı-lacivərdlilər'' yarımmüdafiə xəttində problemlə üzləşiblər. Matteo Genduzi UEFA-dan cəza aldığı üçün bu matçı buraxmalı olacaq. Derbidə yarımmüdafiənin mərkəzində oynayan İrfan Can Kahveci zəif performans sərgiləyərək fasilədə əvəzlənmişdi. Ona görə də baş məşqçi İsmayıl Kartal bu dəfə məcburiyyətdən başqa plan seçməli olacaq.

Baş məşqçinin işini çətinləşdirən daha bir məqam Marko Asensionun zədəsinin davam etməsidi. Son oyunları buraxan ispaniyalı ulduzun bu dəfə də oynaya bilməyəcəyi güman edilir. Genduzini bu matçda İsmayıl Yüksək əvəzləyəcək. Onun yanında Kante qərarlaşacaq. 3-cü mərkəz yarımmüdafiəçisi isə böyük ehtimalla Bartuğ Elmaz olacaq.

İsmayıl Yüksək - Kante - Bartuğ Elmaz ''üçlü''sündən hücumda qeyri-adi fəallıq gözlənilmir. Amma müdafiə planında onların komandaya böyük fayda verəcəyi güman edilir.