Niderlandın paytaxtında keçirilən Amsterdam marafonu qadınlar arasında yeni rekordla yadda qalıb.
"Football-plus.az" xəbər verir ki, efiopiyalı atlet Buze Diriba qadınların yarışında 2 saat 16 dəqiqə 12 saniyə nəticə göstərərək qalib olub. O, həmyerlisi Yalemzerf Yehualavın 2024-cü ildə müəyyənləşdirdiyi trass rekordunu (2:16:52) 40 saniyə yaxşılaşdırıb.
Diriba bununla yanaşı, 2:19:34 olan şəxsi rekordunu da əhəmiyyətli dərəcədə yeniləyib.
2-ci yeri yarışın son qalibi, Efiopiya təmsilçisi Aynalem Desta (2:17:06), 3-cü yeri isə onun həmyerlisi Meseret Belete (2:18:06) tutub.
Kişilərin mübarizəsi də gərgin keçib. Efiopiyalı Lemi Berhanu marafon məsafəsini 2 saat 3 dəqiqə 33 saniyəyə qət edərək birinci olub. Keniyalı Nikolas Kipkorir (2:03:39) 2-ci, onun həmyerlisi Patrik Mosin (2:03:58) 3-cü yeri tutub.
Diqqətçəkən məqam odu ki, kişilərin yarışında səkkiz atlet marafon məsafəsini 2 saat 5 dəqiqədən az müddətə başa vurub. Marafon tarixində belə nəticə yalnız 3-cü dəfə qeydə alınıb. Yarışın yağışlı hava şəraitində keçirilməsi qaliblərin nəticələrini daha da diqqətəlayiq edib.
Marafonda yeni rekord
İdman





