Bayramov və Batrakov - KÖŞƏ

24.10.2026 10:52 1 701
Manşet / Yazarlar
“Uşağın yaxşı başı var, amma oxumur”
(Dərs oxumayan uşaqların atalarının şikayətindən)

Yayda Toral Bayramovu “Bursaspor”a böyük ümidlərlə və sevinc hissi ilə yola salmışdıq. “Xəzər Lənkəran”ın yetirməsi üçün Türkiyənin səviyyəcə ikinci liqasında özünü göstərmək, start heyətində özünə yer etmək çətin olmamalıydı.

Bəli, “Xəzər Lənkəran” çoxdan dağılıb. Amma Toral bu klubun dağıntıları arasında itib-batmayıb. Zamanında yolu “Qarabağ”a qədər uzanıb və “köhlən atlar”ın heyətində yetərincə böyük təcrübə keçib, karyerasını zənginləşdirib. Bayramov “Qarabağ”la birlikdə xeyli uğurlar qazanıb, dəfələrlə Azərbaycan çempionu olub. Özü də bu uğurların qazanmasında sözün əsl mənasına böyük rol oynayıb.

Toral Bayramovun karyerası təkcə Azərbaycanın daxilindəki yarışlarla yekunlaşmayıb. “Qarabağ” hər il avrokubokların qrup mərhələsində iştirak edib, qitənin tanınmış klublarına rəqib olub. Özü də sıradan bir rəqib yox. Zaman-zaman həmin o Avropa nəhənglərini büdrətmişik, böyük qələbələr qazanmışıq. Əksəriyyətində də Toral əsas rollardan birini oynayıb, əsas heyətin ayrılmaz parçasına çevrilib. Onun standart vəziyyətlərin qola çevrilməsində də, sürətli əks-hücumların qurulmasında da iştirakı daim azarkeşləri sevindirib, alqışlanıb. Təəssüf ki, Toralın karyerasındakı yüksəliş sonradan yerini enişə verdi, istedadlı cinah oyunçusu yavaş-yavaş əsas heyətdəki yerini itirdi, ehtiyat oyunçular skamyasının sakininə çevrildi.

Qəribədi ki, bu enişlə paralel Toral Bayramov sosial şəbəkələrdə daha çox ön plana çıxırdı. Meydanda az göründükcə sosial şəbəkələrdə paylaşılan videolarda “əsas rol” alırdı. İddia etmək istəmirəm ki, onun karyerasındakı geriləmə məhz bununla bağlı idi. Amma ortada danılması mümkün olmayan acı bir həqiqət var. Həmin həqiqət də ondan ibarət idi ki, Toral “Qarabağ”ın əsas heyətindəki yerini çox sürətlə itirdi və bunun da nəticəsində ayrılıq qaçılmaz oldu. Belə vaxtlarda baş verən ayrılıqlar həm də futbolçunun xeyrinə olur, bir növ “qan dəyişikliyi” işə yarayır. Biz də məhz buna görə Toralın “Bursaspor”a keçidinə sevinib, orda adından söz etdirəcəyinə inanmışdıq.

Amma ilk turlardan gördük ki, Toral Bayramov “Bursaspor”da əsas heyət üzvünə çevrilməyi bacarmayıb. Məşqçisi Mustafa Er əvvəllər ona hər oyunda müəyyən qədər şans verib, bir dəfə start heyətində də meydana buraxdı. Hadisələrin axarı da, Toralın meydandakı görüntüsü də, onun şans qazandığı dəqiqələrin sayının azalması da onu göstərdi ki, həmyerlimiz “Bursaspor”da etimadı doğrulda bilmədi. Dəfələrlə Azərbaycan çempionu olmuş, qitə kuboklarında yüksək səviyəlli rəqiblərə qarşı saysız-hesabsız oyun keçirmiş Toral Bayramovun Türkiyə superliqasında yox, birinci liqasında özünə yer tapa, ona bəslənən ümidləri doğrulda bilməməsi çox düşündürücüdü.

Bu uğursuzluğu uyğunlaşma dövrüylə də əlaqələndirmək olmur. Türkiyədə Toralın nə dil problemi var, nə də böyük ölçüdə mentallıq dəyişikliyi. Ona qalsa, rusiyalı Aleksey Batrakov “Qalatasaray”a uyğunlaşmağa daha çox çətinlik çəkməliydi, nəinki Toral. Batrakov “Qalatasaray” kimi iddialı, heyəti ulduzlarla dolu bir kluba gəlib. Fərqli mədəniyyətlə, fərqli dillə qarşılaşıb. Onun heç Toral qədər beynəlxalq oyun təcrübəsi də yoxdu. Lakin Batrakov çox sürətlə “Qalatasaray”ın bir parçasına çevrildi, hətta Çempionlar Liqasında adından söz etdirməyi bacardı. Deməli, məsələ uyğunlaşmada yox, futbolçunun özündədi.

İndi oxuyuram ki, Toral “Bursaspor”u tərk etməyə hazırlaşır. Çətin ki, legioner karyerasını davam etdirə bilsin. Bursada özünü göstərə bilməyən futbolçuya kim yüksək məvacib ödəyib, qapılarını açacaq? Deməli, növbəti dayanacaq Azərbaycan klubları olacaq. Sonra da Bayramov qürub edən günəşə çevrilib, yavaş-yavaş gözdən itməyə başlayacaq. Bizə də qalan təəssüflənməkdi. Başqa nə edə bilərik?!

AMAL