“Onze Mondial”ın versiyasına görə 2025/26 mövsümündə Avropanın ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada Kilian Mbappe qalib gəlib.
"Football-plus.az" xəbər verir ki, Fransa nəşri “Real”ın 27 yaşlı futbolçusunu oxucularının səsverməsinin nəticəsinə əsasən “Onze d’Or” mükafatına layiq görüb.
Beləliklə, 48,2 faiz səs toplayan Mbappe bu mükafatı ilk dəfə qazanıb. O, əvvəllər üç dəfə səsvermədə 3-cü yeri tutmuşdu. Fransalı hücumçu ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə meydana çıxdığı 44 oyunda 42 qol vurub və 7 məhsuldar ötürmə edib.
Sorğuda PSJ-nin yarımmüdafiəçisi Joao Neveş 11,9 faizlə 2-ci, Paris klubunun vingeri Xviça Kvaratsxeliya 10,8 faizlə 3-cü, “Barselona”nın vingeri Lamin Yamal 9,7 faizlə 4-cü, daha bir PSJ-li Usman Dembele isə 7,5 faiz səslə 5-ci yeri tutub. Yeri gəlmişkən, 2024/25 mövsümünün ən yaxşı futbolçusu Dembele olmuşdu.
“Onze Mondial” Avropada mövsümün ən yaxşı futbolçusunu müəyyən etmək üçün 1976-cı ildən oxucuları arasında sorğu keçirir. “Onze d’Or” mükafatına daha çox - 4 dəfə argentinalı Lionel Messi layiq görüb. Fransalılar Mişel Platini ilə Zinəddin Zidan səsvermədə hərəyə 3 dəfə qalib gəliblər.
Mbappenin 4-cü cəhdi uğurlu alındı
Dünya futbolu





