“Amma belə məğlubiyyətin olacağı ağlımıza gəlməzdi” – “Xəmsə”

7.09.2026 17:00 144
Ölkə futbolu
Misli premyer-liqasının 4-cü turunda “Şamaxı”nı qəbul edən “Kəpəz” darmadağın oldu - 1:4. Özü də 15 min azarkeşin gözü önündə. Bu nəticə “Kəpəz”in ünvanına ciddi tənqidlərin səslənməsinə səbəb olub. Diqqətçəkən məqamlardan biri isə baş məşqçi Azər Məmmədovun komandasının məhz Azər Bağırovun çalışdırdığı “Şamaxı”ya 1:4 hesabı ilə uduzmasıdı. Bağırov ötən mövsüm “Kəpəz”ə rəhbərlik edib və bu komandanı çətinliklə elitada saxlayıb.

“Kəpəz”in əsas fanklubu “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədovla əlaqə saxladıq, son oyunla bağlı fikirlərini və belə acı məğlubiyyətin növbəti ev oyunlarında azarkeş sayına təsir edib-etməyəcəyini soruşduq:

“Matçın ağır keçəcəyini bilirdik, amma belə məğlubiyyətin olacağı ağlımıza gəlməzdi. Düşünürük ki, matç ciddi təhlil edilməli və düzgün nəticə çıxarılmalıdı. Xüsusilə də digər matçlarda olmayan sayda azarkeşin qarşısında belə oynamaq heç cür yolverilməzdi. Fikrimcə, belə davam etsə, azarkeş sayına da təsir edə bilər”.

İSRAYIL XEYRULLAYEV