Oyarsabal növbəti dəfə “Real Sosyedad”a sadiq qaldı - onu ələ keçirmək istəyən klublar var idi

7.09.2026 16:09 45
Dünya futbolu
Mikel Oyarsabal bu yay növbəti dəfə “Real Sosyedad”a sədaqətini göstərdi. Hücumçu İspaniya yığmasının heyətində parlaq oyunla dünya çempionu olandan sonra qitənin bəzi aparıcı klublarının diqqətini cəlb etmişdi. Ancaq Oyarsabal bütün təklifləri geri çevirməklə San-Sebastyan klubunda qalmağa qərar verdi. Məhz bu klub ona peşəkar futbolda elit səviyyəyə yüksəlmək imkanı verib.

"Football-plus.az" xəbər verir ki, onun vacibliyinin növbəti təsdiqi ötən şənbə “Espanyol”la keçirilən oyun oldu. Mikelin iki məhsuldar ötürmə verdiyi oyunda “Real Sosyedad” 2:1 hesabıyla qalib gəldi.

Oyarsabalın “Real Sosyedad”la müqaviləsini sonuna iki il qalır, dəbbəpulu isə 75 milyon avro təşkil edir. “Cadena COPE” xəbər verir ki, bir neçə klub 29 yaşlı hücumçuya görə göstərilən məbləği ödəməyə hazır olub.

Avropanın bəzi aparıcı komandaları “Real Sosyedad”ın kapitanı ilə maraqlanıb, onun klubu tərk etməyə hazır olub-olmadığını bilmək istəyib. Çempionlar Liqasının son qalibi PSJ də potensial müştərilər arasında olub. Ancaq Oyarsabal həmvətəni Luis Enrikenin çalışdırdığı klubun təklifini rədd edib.

Hələ dünya çempionatının gedişində Oyarsabalın adını “Barselona” ilə bağlayırdılar. Kataloniya klubunda İspaniya yığmasının bir neçə üzvü çıxış edir. Oyarsabalın Luis de la Fuentenin rəhbərlik etdiyi komandanın əksər oyunçuları ilə münasibətləri yaxşıdı, bu üzdən “Kamp Nou”ya köçmək yolunda heç bir problem görünmürdü. Ancaq hücumçu sonda San-Sebastyanda qalmağa qərar verdi.

Oyarsabal hazırda Pelleqrino Mataratsonun rəhbərlik etdiyi komandanın kapitanı və həlledici oyunçularından biridi. O, məhz Mataratso ilə İspaniya kubokunu qazanıb. Başqa klubların ciddi marağı və klubun mümkün transferə görə 75 milyon avro qazanmaq ehtimalı da Mikelin seçiminə təsir etmədi.

Onun “Real Sosyedad”ın əsas komandasında debüt etdiyi 2015/16 mövsümündən bəri olan statistikası, sadəcə, heyranlıq doğurur. Eybarda doğulan futbolçu artıq bütün turnirlər çərçivəsində klubun heyətində 440 rəsmi oyun keçirib, 133 qol vurub, 67 məhsuldar ötürmə verib. Oyarsabal oyun sayına görə “Real Sosyedad” tarixində 10-cu futbolçudu. Hansısa qeyri-adi hadisə baş verməsə, tezliklə 9-cu pilləyə də yüksələcək. Yəni hesabında 443 oyun olan İqnasio Kortabarriyaya çatmaq üçün cəmi üç oyun keçirməlidi. “Real Sosyedad”ın kapitanı qol sayına görə daha yüksək pillədə qərarlaşıb. Mikel klub tarixinin ikinci bombardiridi. İndiyə qədər 133 qol vuran Oyarsabal bu göstəricidə yalnız əfsanəvi Xose Mariya Satrusteqidən (163) geri qalır.

Bütün bu göstəricilən Oyarsabalın “Real Sosyedad” tarixindəki vacib rolunu ortaya qoyur. Əslində kapitanın bu yay aldığı sərfəli təklifləri geri çevirməsi, klub tarixindəki bütün rekordları yeniləməyə çalışması üçün əsas var. Futbolda sədaqət anlayışı hələ tam dəfn olunmayıb!