Məlum olduğu kimi, “Qarabağ” bu yay heyətinə 10 yeni futbolçu qatıb. Ağdamlılar artıq Konfrans Liqasında mərhələni dayandırıb deyə, yenilərlə bağlı bir məqamı aydınlaşdırmağa çalışdıq.
Maraqlıdı, yeni transferlərin gəldiyi çempionatlar Azərbaycan premyer-liqasından güclüdü, yoxsa zəif? Müqayisə zamanı istinad nöqtəsi kimi UEFA-nın əmsallar cədvəlini götürmüşük.
Jali Muaddib. Cənubi Kiprin “Omoniya” (Aradippu) komandasından 30 min avroya keçidi baş tutub. Sol cinah vingerinin ”Transfermarkt” dəyəri 550 min avrodu. Cənubi Kipr hazırda UEFA-nın əmsallar cədvəlində 15-ci pillədədi.
Zakariya Savo. İsveçin “Yurqorden” komandasından 500 min avro və əlavə bonuslarla birgə 1,5 milyon manata keçid edib. Hücumçunun “Transfermarkt” dəyəri 750 min avrodu. İsveç UEFA-nın əmsallar cədvəlində 20-ci pillədədi.
Samuel Lobato. Portuqaliyanın “Portimonense” klubundan “köhlən atlar”a keçidi 150 min avroya baş tutub. Mərkəz yarımmüdafiəçisinin “Transfermarkt” dəyəri 450 min avrodu. Düzdü, Portuqaliya UEFA-nın əmsallar cədvəlində 6-cı pillədədi. Amma “Portimonense”nin bu ölkənin elita yox, aşağı dəstə klubu olduğunu unutmayaq.
Bruno Lanqa. İspaniyanın ikinci liqa klubu “Almeriya”dan keçidi 1 milyon avroya başa gəlib. Mozambikli sol cinah müdafiəçisinin “Transfermarkt” dəyəri 1 milyon avro təşkil edir. İspaniyanın 2-ci liqasının Misli premyer-liqasından güclü olduğunu iddia etməyə dəyməz.
Martin Zlomisliç. Qapıçı Serbiyanın “Riyeka” klubundan 500 min avroya “Qarabağ”a keçib, “Transfermarkt” dəyəri 2 milyon avrodu. Serbiya UEFA-nın əmsallar cədvəlində Azərbaycandan (25) aşağıda – 29-cu pillədə qərarlaşıb.
Ronaldo Sefas. “Qarabağ”a Rusiyanın 2-ci liqasında çıxış edən “Nijni Novoqrod” klubundan 880 min avroya gəlib. Yamaykalı sol cinah yarımmüdafiəçisinin “Transfermarkt” dəyəri 900 min avrodu. Artıq neçə illərdi avrokuboklardan uzaqlaşdırılan Rusiya hazırda əmsallar cədvəlinin 30-cu pilləsindədi. “Nijni Novqorod” isə elita yox, aşağı dəstə klubudu.
Bentse Varkonyi. Macarıstanın “Zalaqerseq” komandasından 1 milyon avroya gəlib. Mərkəz müdafiəçisinin “Trasnfermarkt” dəyəri 500 min avrodu. Macarıstan UEFA-nın əmsallar cədvəlində 18-ci pillədədi.
Cebrail Makreçkis. Macarıstanın “Ferentsvaroş”undan 1 milyon avroya alınıb. Sağ cinah müdafiəçisinin “Transfermarkt” dəyəri də bu qədərdi. Macarıstan UEFA reytinqində 18-ci pillədə qərarlaşıb.
Taofik İsmahil. Futbolçunun keçidi Polşanın “Qurnik” (Zabje) klubundan 1 milyon avroya baş tutub. Nigeriyalı sol cinah vingerinin “Transfermarkt” dəyəri 1,5 milyon avro təşkil edir. Polşa əmsallar cədvəlində onuncudu.
Reda Xadra. Fransa “Reyms”indən keçidi 1 milyon avroya baş tutub. Hücumameylli yarımmüdafiəçinin “Transfermarkt” dəyəri 1,2 milyon avrodu. Fransa UEFA əmsallar cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
…Və transferi dünən gerçəkləşən son iki futbolçunu çıxsaq, qalan səkkizi “Qarabağ”ı hədəfinə çatdıra bilmədi!
İSRAYIL XEYRULLAYEV
“Qarabağ”a 8 futbolçu gəldi, komanda hədəfinə çatmadı – kimdi onlar?
Aktual / Ölkə futbolu






