“Çalışıram ki, yazılardan və xəbərlərdən mümkün qədər uzaq olum” – Ruud Neystad

26.08.2026 18:20 10
Avrokuboklar
“Qarabağ” sabah Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşündə “Tvente”ni qəbul edəcək.

Qonaqların müdafiəçisi Ruud Neystad da jurnalistlərin önünə çıxdı.

– Son oyundakı səhvlərinizin üzərində işləmisiz?
– Son oyunda kifayət qədər səhvlərim olmuşdu. Topu oyuna daxil edərkən də səhvlərimiz var idi. Ümid edirəm ki, bu matçda belə səhvlər etməyəcəyik.

– Avrokuboklarda və yerli çempionatda oynamaq arasında fərq görürsüz?
– Avropada oynamaq yetərincə çətin və maraqlıdı. Sabah əlimizdən gələni edəcəyik ki, yolumuza davam edə bilək.

– Sabah “Qarabağ”a məğlub olsaz, məyus olacaqsız?
– Çox istəyirik ki, qələbə qazanıb Konfrans Liqasında yolumuza davam edək.

– Məğlub olsaz, yetərincə tez – avqustda avrokuboklarla vidalaşacaqsız.
– Biz sabah əlimizdən gələni edəcəyik ki, Avropada yolumuza davam edək.

– Ötən il uğurlu çıxış etdiyiniz üçün yaxşı rəylər alırdız. İndi isə kifayət qədər tənqid olunursuz. Bu, sizə necə təsir edir?
– Çalışıram ki, yazılardan və xəbərlərdən mümkün qədər uzaq olum. Bu, mənim əhvalıma təsir edir. Həmişə qalib gələ bilmərik. Məğlub olduğumuz vaxtlar da olacaq. Mən bunu qəbul etmişəm.

İSRAYIL XEYRULLAYEV