İnfantino Hövsan Yarış Kompleksini ziyarət etdi

24.10.2026 16:30 54
Ölkə futbolu
FIFA prezidenti Canni İnfantino, turnirin Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və AFFA rəsmiləri FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-nın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər.

"Football-plus.az" xəbər verir ki, səfər zamanı rəsmilər kompleksdə yaradılmış şəraitlə tanış olub, turnirin ilk oyunlarını izləyiblər. İlk oyun günü ərzində Hövsan Yarış Kompleksində ümumilikdə 92 oyun keçiriləcək.

FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 ümumilikdə 22-30 oktyabr tarixlərini əhatə edir. Turnirin ilk oyunlarına bu gün start verilib. İlk dəfə keçirilən turnir 189 FIFA üzv assosiasiyasından olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir.

İlk oyun günü bu axşam “Baku Crystal Hall”da davam edəcək. Burda turnirin rəsmi açılış mərasimi keçiriləcək, ardınca isə millimiz Şərqi Timor yığması ilə qarşılaşacaq.

Yüksək səviyyəli qonaqların səfəri FIFA, AFFA və yerli təşkilat qurumları arasında sıx əməkdaşlığı əks etdirir. FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 gənc futbolçuların inkişafına, beynəlxalq təcrübə mübadiləsinə və futbolun qlobal miqyasda inkişafına töhfə verməyi hədəfləyir.