Səudiyyə Ərəbistanı çempionatının 3-cü turunda Kriştiano Ronaldolu ''Əl-Nəssr'' ''Əl-İttifaq''ın qonağı oldu.
Hadisələrlə bol olan oyun maraqlı, gərgin və dramatik alındı. İlk yarı ''Əl-Nəssr'' üçün olduqca uğursuz keçdi. Son çempion artıq 12-ci dəqiqədə azlıqda qaldı.
Belə ki, portuqaliyalı qapıçı Bento cərimə meydançasından kənarda təcrübəli Mussa Dembeleyə qarşı kobudluğa yol verincə, son ümid foluna görə birbaşa qırmızı vərəqə aldı. Bu azmış kimi ''Əl-Nəssr'' 31 və 45+4-cü dəqiqədə buraxdığı qollarla fasiləyə iki top geridə yollandı. Kriştiano bütün ilk yarı boyu oynamaqdan çox əl-qol hərəkətləri ilə komanda yoldaşlarına narazılığını bildirməklə yadda qaldı.
Maraqlıdı ki, baş məşqçi Anje Postekoğlu fasilədə əsas ulduzunu əvəzləmək qərarına gəldi və onun məhz bu addımı özünü artıqlaması ilə doğrultdu. 73-cü dəqiqəyə qədər hesab dəyişməsə də, qonaqlar oyunun sonlarına yaxın möcüzəvi bir geridönüş etdilər. Azlıqda oynamasına baxmayaraq ''Əl-Nəssr'' son 16 dəqiqədə 3 qol vurmaqla inanılmaz qələbə qazandı! Qollardan birini Abdulela Əl-Əmri aktivinə yazdısa, Sadio Mane dubl edərək qəhrəmana çevrildi.
Maraqlıdı ki, Kriştiano Ronaldo final fitindən dərhal sonra paltardəyişmə otağına yollandı. ''Əl-Nəssr''in bütün oyunçuları öz fanatları olan sektorun qarşısına gedərək onlara dəstəklərinə görə təşəkkür etsələr də, Ronaldo həmin an komanda ilə birlikdə deyildi.
Ronaldo əvəzləndi, komandası möcüzəvi geridönüş etdi
Dünya futbolu






