Bəlkə də bu yaxınlarda sizlə, nəhayət, 10 illik fasilədən sonra avrokubokların liqa mərhələsində iki komanda ilə təmsil olunmağın sevincini bölüşəcəyik. Onsuz da “Sabah”ın azı Avropa Liqasında mübarizə aparacağı aydındı. Sadəcə, “bayquşlar” ən mötəbər tunirdə çıxış etmək şansını reallaşdırmaq istəyir. “Qarabağ” isə mövsümü yalnız ölkədaxili turnirlərlə məhdudlaşdırmaq istəmir.
Qarşıdan gələn matçların taleyi təkcə klublarımızdan asılı deyil. Axı həm də ədalət təmsilçiləri işini layiqincə görməli, bizimkilərin haqq etdiyi nəticələri qazanmasına mane olmamalıdı.
"Football-plus.az"ın ənənəvi hakim təqdimatında həmin görüşlərin baş hakimlərini daha yaxından tanımağa çalışacağıq.
İştvan Kovaç... Ümid edək ki, “Sabah” – “Hapoel” matçının yetərincə məşhur və təcrübəli hakimə həvalə olunması yalnız oyunun şəffaf idarə edilməsinə xidmət göstərəcək. Zarafat deyil, söhbət Rumıniyanın ən tanınmış, bacarıqlı ədalət təmsilçilərindən olan Kovaçdan gedir. O, ölkəsinin əsas çempionatında 324 matç idarə edib və bu görüşlərdə 1814 sarı, 114 qırmızı vərəqə göstərib. Kovaç 2018-ci ildən bəri FİFA-nın tam hüquqlu beynəlxalq hakimi, 2019-cu ildən isə UEFA-nın elit hakimidi. Ən əsası, ədalət təmsilçisi 2022-ci ildə Konfrans Liqasının “Roma” – “Feyenoord”, 2023-cü ildə Avropa Liqasının “Atalanta” – “Bayer-04”, 2025-ci ildə Çempionlar Liqasının PSJ – “İnter” finalını idarə edib. Hakim həm də 1930-cu ildən bəri keçirilən dünya çempionatları tarixinin bütövlükdə 1000-ci matçında – Tunis – Yaponiya qarşılaşmasında iş başında olub. Maraqlıdı ki, FİFA futbol tarixinin bu unikal və əlamətdar yubileyini qeyd etmək üçün oyunun baş hakiminin geyimində xüsusi rəmzlər və dizayn elementləri yerləşdirib. Nəticədə Kovaç və rəhbərlik etdiyi hakimlər briqadası tarixi qarşılaşmanın bir parçası olub və futbol salnaməsinə adını yazdırıb. Ədalət təmsilçisinin xidmətinə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər və Misir kimi ölkələrin əsas liqalarında və kubok matçlarında ehtiyac duyulub. Kovaç klublararası dünya çempionatı, Gənclər, Millətlər Liqası və beynəlxalq yoldaşlıq oyunlarında baş hakim olub.
Təbii ki, bütün bunlar onun qüsursuz ədalət təmsilçisi olmasına dəlalət etmir. Rumıniyalının uğursuzluqla yadda qaldığı ən məşhur matçlardan biri ötən mövsüm olub. Çempionlar Liqasında 1/4 finalının “Barselona” – “Atletiko” görüşündə verdiyi səhv qərarlar onun mövsümün sonuna qədər turnirdən uzaqlaşdırılması ilə nəticələnib. O başqa məsələ ki, “fit sahibi” DÇ-2026 qarşılaşmalarında meydanda olub. Kovaç həm də ÇL-nin 2024/25 mövsümünün 1/4 finalının “Barselona” – PSJ matçında verdiyi qərarlara görə tənqid eşidib. Həmin oyunda Ronald Arauxonun və baş məşqçi Xavinin “qırmızı” alması Kataloniya təmsilçisini özündən çıxarıb.
Kovaç bizim üçün də tanış simadı. Belə ki, o, Avropa Liqasının 2010/11 mövsümünün 1-ci təsnifat mərhələsinin “Qarabağ” – “Metallurq” (Skopye) görüşünü (4:1) idarə edib. AL-nin 2015/16 “futbol ili”nin qrup mərhələsinin “Qəbələ” – “Krasnodar” matçı (0:3) da onun idarəçiliyi altında baş tutub.
Ümumiyyətlə, ədalət təmsilçisi karyerası ərzində 610 matçda iş başında olub. Kovaç bu görüşlərdə 3299 sarı, 210 qırmızı vərəqə göstərib.
Rohit Saqqi... Norveçin adlı-sanlı hakimlərindən biri karyerasına 2008-ci ildə start verib. Əslən hindistanlı olan Saqqi Norveçin aşağı liqasında qısa müddətdə güvən qazanıb. Referi karyerasının ilk ilində ölkə kubokunun finalında fit çalıb. O, indiyə qədər idarə etdiyi 190 yüksək liqa qarşılaşmasında futbolçuları 686 sarı, 34 qırmızı vərəqə ilə cəzalandırıb. 2018-ci ildən etibarən FİFA referisi kimi fəaliyyət göstərən ədalət təmsilçisinin beynəlxalq təcrübəsi qənaətbəxşdi. “Fit sahibi” avrokubokların bütün turnirlərinin həm təsnifat, həm də əsas mərhələlərində iş başında olub. Bununla belə, Saqqi 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatında, Millətlər Liqasında və beynəlxalq yoldaşlıq oyunlarında meydana çıxıb. “Fit sahibi”nin xidmətinə Yunanıstanın əsas liqasında da ehtiyac duyulub.
Saqqi də bizim üçün tanış hakimdi. Belə ki, o, millimizin 2024-cü ildə Millətlər Liqasında Slovakiya ilə Bakıda keçirdiyi görüşdə (1:3) və DÇ-2026-nın seçmə mərhələsində Parisdəki “Park de Prens” stadionunda gerçəkləşən Fransa - Azərbaycan qarşılaşmasında (3:0) baş hakim olub. 34 yaşlı hakim həm də Konfrans Liqasının 2022/23 mövsümünün 3-cü təsnifat mərhələsinin “Rapid” – “Neftçi” oyununda söz sahibi olub. Həmin matç “ağ-qaralar”ın Avstriya təmsilçisinə iki cavabsız qolla uduzması ilə nəticələnib.
Ümumiyyətlə, Saqqi karyerası ərzində 342 qarşılaşma idarə edib, bu oyunlarda 1281 sarı, 63 qırmızı vərəqə göstərib.
KƏNAN BAHADIR
“Sabah” “Qarabağ”ın, “Qarabağ” “Neftçi”nin tanışından asılıdı...
Aktual / Avrokuboklar






