“Bu qədər söz kifayətdi, əsas məsələ bunları meydanda icra etməkdi” - Aslan Kərimovdan sərt hökm

25.08.2026 17:21 7
Avrokuboklar / Aktual
Məlum olduğu kimi, bu gün “Sabah” Çempionlar Liqasının pley-offunu cavab oyununda “Hapoel”lə qarşılaşacaq. İlk görüşdə 1:2 uduzan asazır təmsilçisi bu mərhələni keçmək üçün əlindən gələni edəcək.

Bəs baş məşqçi Valdas Dambrauskas bu gün nələri dəyişməlidi və hansı komanda daha üstündür? Təcrübəli mütəxəssis Aslan Kərimovun “Football-plus.az”a cavabı:

“Hesab edirəm ki, çox da nəyisə dəyişməyə ehtiyac yoxdu. Bunu həm birinci oyundan sonra, həm də “Orhus”la eyni hesabla məğlub olduğumuz qarşılaşmadan sonra demişdim. İndiki vəziyyətdə nələrisə dəyişmək və başqa cür oynamaq doğru deyil. Ümumiyyətlə, futbolda nələrisə qısa zaman kəsiyində dəyişmək çətindi. “Sabah” mövcud oyununu davam etdirməlidi. Bu oyun üslubu ilə komanda yetərincə uğur qazanmağı bacarıb. Düşünürəm ki, Rumıniyada keçirdiyimiz ilk oyundakı futbolu Bakıda da davam etdirsək, kifayət qədər qol imkanları yaradacağıq. Sadəcə, daha konsentrasiyalı, dəqiq və diqqətli oynamalıyıq.

Diqqət etməli olduğumuz əsas məqamlardan biri standart vəziyyətlərdi. İlk oyunda da belə vəziyyətdən qol buraxdıq. Eyni zamanda, rəqibin vurduğu qola baxsaq, müdafiədən hücuma keçid zamanı daha diqqətli olmalıyıq və mümkün qədər boşluqlar verməməliyik. Çünki Bakıda daha riskli oynamağa məcbur olacağıq. “Sabah”ın oyun üslubunda cinah müdafiəçiləri də hücumlara fəal şəkildə dəstək verirlər. Belədə meydanın mərkəzindəki oyunçular top hansı cinahda olur-olsun, həmin cinahı “sığortalamaq” məcburiyyətindədilər. Çünki topu itirdiyimiz anda texnikalı oyunçulara malik olan rəqib bundan məharətlə istifadə edə bilər. Diqqət etməli olduğumuz əsas məqamlar bunlardı.

Qalan məsələlərə gəlincə, “Sabah”ın çoxlu qol imkanı olur. Düşünürəm ki, Bakıda da qol vurmaq üçün şanslarımız olacaq. Sadəcə, bu imkanları reallaşdırmaq lazımdı. Məncə, bu qədər söz kifayətdi, əsas məsələ bunları meydanda icra etməkdi”.


İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul