“İlk hissədən sonra paltardəyişmə otağına minimum 3:0 hesabı ilə yollanmalıydıq" - Rəşad Abdullayev

23.08.2026 18:31 2
Ölkə futbolu / Aktual
Məlum olduğu kimi, avqustun 21-də əvəzedicilər liqasında yeni mövsümə start verilib. İlk turda “Neftçi-2” səfərdə “Sumqayıt-2”yə 0:1 hesabıyla uduzub.

“Football-plus.az” olaraq, “Neftçi-2”nin baş məşqçisi Rəşad Abdullayevdən bu məğlubiyyətin səbəblərini öyrəndik:

“Çox təəssüf doğuran qarşılaşma oldu. İlk oyun idi və təbii ki, oyunun həyəcanı da var idi. Futbolçularımızla həftəboyu tapşırıqlarımızı vermişdik. Komandamın oyunundan razı qaldım, nəticədən isə yox. Futbolçularımız 90-95 dəqiqə ərzində rəqibi təzyiq altında saxladılar. Çoxsaylı qol epizodlarımız oldu, amma onları dəyərləndirə bilmədik. Hətta deyərdim ki, ilk hissədən sonra paltardəyişmə otağına minimum 3:0 hesabı ilə yollanmalıydıq. Təəssüf ki, yaratdığımız epizodları dəyərləndirə bilmədik. Amma komandamızın oyunundan razı qaldım. Komandamız yaxşı oynadı. Nəticədən narazıyıq. Son dəqiqələrdə diqqətsizlik etdik, rəqib penalti qazandı və həmin penaltini də qola çevirdi. Rəqibin cəmi bir epizodu oldu və onu da qola çevirə bildi. İlk tur üçün əsas bizi sevindirən məqam komandamızın göstərdiyi oyundu. Neçə illərdi burdayam və çalışmışam ki, komandamızın öz dəsti-xətti, öz oyunu olsun. Gənc heyətimiz var. Futbolçuların əksəriyyətini ötən il U-19 liqasından götürmüşük. İnşallah, çalışacağıq ki, gələn oyunlarda göstərdiyimiz yaxşı oyunu nəticəyə çevirək”.

Daha sonra mütəxəssis yay təlim-məşq toplanışını da dəyərləndirdi:

“Artıq bir aydan çoxdu komanda bir araya gəlib. Bakıda yaxşı təlim-məşq toplanışı keçdik. Bundan sonra fiziki yükləmələrlə yanaşı, taktiki məşqlərimiz də çox oldu. Komandaya yeni oyunçular cəlb etmişik. Ötən mövsümdəki heyətdən 5-6 futbolçumuzu saxlamışıq. Oyunu əsasən həmin futbolçuların üzərində qururuq ki, gənc oyunçular da onlarla birlikdə vəhdət təşkil etsinlər. Yeni futbolçularımız istəklidi və gəncdilər. Hələ əvəzedicilər liqasında debüt etdilər. Bu oyunda əvəzetmələrimizə diqqət yetirmisinizsə, meydana daxil olan futbolçuların əksəriyyəti yeni oyunçular idi. Təcrübələri yoxdu, amma istəkləri var. Komandanın oyununa uyğun futbol oynamaq istəyirlər. Yay təlim-məşq toplanışını yaxşı dəyərləndirirəm. Fiziki cəhətdən komandamız çox yaxşı vəziyyətdə idi”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul