Slavik Alxasov iyunun 1-də “Araz-Naxçıvan”la yeni müqavilə imzalasa da, avqustun 6-da klub rəhbərliyinə getmək istədiyini bildirib. Həmin gün müdafiəçi karyerasını premyer-liqada yox, 1-ci liqanın iddialı təmsilçilərindən “Səbail”də davam etdirmək qərarına gəlib.
Nə baş verdi? Elita klubunu 1-ci liqada çıxış edən komandaya dəyişməsinə nə səbəb oldu – daha sərfəli maliyyə şərtləri, yoxsa münasibətlər?
“Football-plus.az” olaraq, bu suallarla “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusubova müraciət etdik:
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm. “Səbail”ə keçmək istədiyini bildirdi. Biz də onun keçmiş xidmətlərini, uzun müddətdi bizlə çalışdığını nəzərə alıb, istəyini yerinə yetirdik. Razılıq verdik və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. Ona görə də uğurlar arzulayıram. Qalan səbəblər şəxsi ola bilər, hansısa istəklə bağlı ola bilər. Bunu Slavik özü cavablaya bilər. O, sadəcə, bizdən xahiş elədi və biz də xidmətlərini nəzərə alıb, müsbət cavab verdik”.
İSRAYIL XEYRULLAYEV