Gedən futbolçu dedi: “Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmək ayrıca dəyərdi”

14.08.2023 16:29 2 392
Aktual / Ölkə futbolu
“Zirə”də srağagün daha bir ayrılıq gerçəkləşib. Qəsəbə təmsilçisi təcrübəli Slavik Alxasovla yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçiylə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub. "Zirə" Slavikə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, buna qədər "qartallar"ın sırasını Hamidu Keyta, Coşqun Diniyev, Loris Broqno, Mehdi Cənnətov, Mirsayib Abbasov, Mois Adileu, Ruslan Abışov, Cəlal Hüseynov, Sərtan Taşkın, Məhəmməd Hamdaui, Vild-Donald Gerye və Nemanya Andelkoviç də tərk etmişdi.

Bu ayrılıqla bağlı Slavik Alxasovdan açıqlama aldıq:

"Zirə" də xoş günlər keçirdim. Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmək ayrıca dəyərdi. İstər Rəşad müəllimlə, istərsə də klub rəhbərliyi ilə aramızda heç bir narazılıq yoxdu. Qarşılıqlı razılıq əsasında komandadan ayrılmışam. "Qartallar"la davam etməməyimin əsas səbəbi daha çox oynamaq istəyimdi. Hələ gücüm var, futbol eşqim var, meydanda daha çox olmaq istəyirəm. "Zirə"yə uğurlar arzulyıram. Gələcək karyeramı "Turan Tovuz"da davam etdirəcəm. Bu komanda ilə danışıb, razılığa gəlmişik. Qarşıdakı günlərdə rəsmi müqavilədə bağlayacam”.


ABDULLA İSMAYILOĞLU