''Fənərbaxça''nın ünlü qapıçısı Ederson Moraesin gələcəyi ilə bağlı tez-tez müxtəlif iddialar ortaya atılır.
Elə bu günlərdə yeni bir iddia gəldi. Ona maraq göstərən klubların sırasına ''Yuventus''un da qoşulduğu bildirildi. Tanınmış italiyalı insayder Nikola Skiranın paylaşdığı xəbərə görə təcrübəli braziliyalı əlcək sahibinə iki rəsmi təklif gəlib.
''Fənər''in gözləntisi isə 25 milyon avrodu. Amma maraqlıdı ki, Ederson bu iddiaları təkzib edib. O öz ''instaqram'' hesabının hekayə bölümündə məşqdən bir şəkil paylaşaraq türk dilində ''yalanlara inanmayın'' sözünü yazıb. Ederson ''Fənər''in maaş büdcəsində çox böyük yer tutur. O, 11 milyon avroluq maaşı ilə hazırda Manuel Noyer ilə birlikdə dünyada ən çox qazanan iki qapıçıdan biridi. Ancaq məsələ burasındadı ki, Ederson oynamırsa, belə bahalı qapıçını heyətdə saxlamaq nəyə lazımdı?
İsmayıl Kartalın təyinatından bu yana yalnız Mərt Günok şans qazanıb. ''Fənər''in yeni mövsümdə avrokuboklarda keçirdi 3 matçın hamısında Ederson ehtiyatda qalıb. Ona görə də onun bu transfer dönəminin sonuna qədər komandadan ayrılması sürpriz olmayacaq.
Ederson ötən mövsüm 36 rəsmi oyuna çıxaraq ümumilikdə 35 top buraxdı və bu matçların 13-də qapısını toxunulmaz saxladı. 33 yaşı tamam olmaq üzrə olan qapıçı ötən mövsümün sonunda yol verdiyi kobud səhvlər, eləcə də ''Qalatasaray''la derbidə məsuliyyətsiz hərəkətindən sonra aldığı qırmızı vərəqə üzündən fanatların gözündən düşmüşdü.