Ancaq qlobal klub şəbəkəsi ideyasının arxasında daha geniş planlar dayanır. EFC son illərdə Avropa futbolunda pul və təsir dairəsi uğrunda mübarizənin əsas iştirakçılarından birinə çevrilib və indi bu modeli qitənin hüdudlarından kənara çıxarmağa çalışır. PSJ-nin prezidentinin təbəbbüsü həm də Avropa klublarının FİFA və onun rəhbəri Canni İnfantino iıə qarşıdurmasında növbəti istiqamətdi.
UEFA “çılpaq kral” İnfantinonu devirmək istəyir
2026/27 futbol mövsümü tədricən sürət yığmaqdadı, ancaq informasiya məkanı hələ ki yaşıl meydanda yaşananlara əsasən formalaşmır, məhkəmə salonları və funksionerlərin qapalı iclasları prioritetdi. Futbol sənayesini hesablaşma dalğası bürüyüb, söhbət mövzusu milyardlardı. Ən yeni keys İngiltərə Premyer-Liqasının Müstəqil komissiyasının “Mançester Siti”yə münasibətdə elan etdiyi ittiham aktıdı. Bu iş lokal xarakter daşıyırsa, İnfantinonun DÇ-nin hüquqlarının 20 faizini Amerikanın “Thrive Capital” investisiya fonduna 4,2 milyard dollara satmaqla bağlı yayda başlatdığı qalmaqal (FIFA Forward Enterprise layihəsi) dünya futbolunun bütün idarəçilik sistemini silkələdi. UEFA Cannini bu layihəyə görə cavab verməyə çağırdı, sənədlər tələb etdi ki, sonradan İsveçrə məhkəməsində iddia qaldıra bilsin.
UEFA prezidenti Aleksander Çeferin Kopenhagendəki iclasda bu haqda danışdı:
“Bütün bu tarixçə mənə Hans Xristian Andersenin “Kralın yeni donu” nağılını xatırladır. Kral əmindi ki, üzərində gözəl geyim var, onu inandırıblar ki, bunu yalnız axmaqlar və ya ləyaqətsizlər görmür. Onun sarayı belə baxışla razıdı. Ta ki uşaq hamının gördüyün ucadan deyənə qədər: kral çılpaqdı... Təsəvvür edin ki, sizin yüksək çinli rəhbərlərinizdən biri klubunuzun əsas aktivləri üzərində nəzarətin başqasına verilməsi ilə bağlı məxfi danışıq aparır. Siz bilmirsiz, Direktorlar Şurası bilmir, oyunçularınız və azarkeşləriniz bilmir. Və siz biləndə artıq sövdələşmə başa çatmaq ərəfəsində olur. Belədə sizin klubun Direktorlar Şurası nə edərdi? Belə hal klubunuzda necə dəfə yaşanmalıdı ki, “bəsdi” deyəsiz? Heç bir vəzifə, titul və ya hakimiyyət kiməsə futbolun gələcəyini satmaq hüququ vermir”.
Sentyabrın sonunda Avropanın aparıcı 4 liqası – premyer-liqa, bundesliqa, La Liqa və A seriyası İnfantinonun əleyhinə çıxış etdi. Onlar UEFA, klublar və oyunçuların həmkarlar ittifaqı ilə birgə dünya futbolunun idarəçilik sistemini dəyişməyi tələb etdi – hakimiyyətin FİFA-nın və onun prezidentinin əlində cəmləşməsini məhdudlaşdırmaq, qurumun kommersiya və tənzimləyici funksiyalarını ayırmaq, futbol ictimaiyyətinə qərarların qəbulu prosesinə təsir göstərmək imkanı vermək. Koalisiyanın sonuncu və əsas gedişi Avropa Klublar İttifaqını qlobal gücə çevirməyə və klublara dünya futbolunda təsir mərkəzi olmağa imkan verəcək “World Football Clubs” layihəsidi.
4 il ərzində 20 milyard avro, klub sayını 1000-ə çatdırmaq cəhdi
Hələ ki WFC yalnız konsepsiya kimi mövcuddu. Əl-Xelayfi onun hüquqi statusunu, idarəçilik strukturunu, üzvlük meyarlarını və ya konkret səlahiyyətlərini açıqlamayıb. Amma fikir aydındı: EFC modelini Avropanın hüdudlarından kənara çıxarmaq və müxtəlif qitələrə səpələnən, dünya futbolunda ümumi səsi olmayan klubların vahid təmsilçiyini yaratmaq.
Yeni strukturun qlobal ambisiyaları üçün maliyyə fundamenti rolunda UEFA ilə EFC-nin UC3 (UEFA Club Competitions SA) adlanan birgə müəssisəsi çıxış edir. Təşkilatçılar qarşıdakı 4 illik kommersiya tsikli ərzində klub turnirlərindən əldə olunacaq ümumi gəlirin astronomik 20 milyard avronu ötəcəyini proqnozlaşdırırlar. Gəlirlərin belə kəskin artımı avrokubokların “İsveçrə sistemi”nə keçidi ilə bağlıdı (ÇL-in kapitallaşmasını önəmli dərəcədə artırıb).
Əl-Xelayfinin növbəti maraqlı fikri:
“Gənc nəsil futbolu fərqli şəkildə yaşayır. Onlar fərq görmədən fiziki və rəqəmsal dünyalar arasında yer dəyişirlər. İdman, əyləncə, media və texnologiyalar arasındakı əlaqə sürətlə inkişaf edir. Klublarımızın yerli kökləri var, lakin qlobal təsirə malikdilər. WFC-nin yaradılması ilə azarkeşlər Kopenhagendən Qahirəyə, Nyu-Yorkdan Tokioya qədər klublarını dəstəkləyə biləcəklər. Biz həm Avropa daxilində, həm də xaricində olan klublara fayda veririk. Hazırda EFC-nin üzvlərinin sayı 2021-ci ildəki 247 klubdan 55 ölkədə 900-dən artığa çatıb. 1000 klub həddinə çatmağı hədəfləyirik - buna görə də WFC-nin yaradılması heç vaxt olmadığı qədər aktualdı”.
Təşkilatçılar belə düşünür ki, idarəçilik sistemində islahatlar EFC-nin hər üzvünə vacib qərarların qəbulunda səs hüququ verəcək, bütün iştirakçıların qurumu UEFA, FİFA komitələrində və baqa təşkilatlarda təmsil etməsinə imkan yaradacaq. O da qeyd olunur ki, 2 milyard avro (ümumi gəlirin 10 faizi) avrokuboklarda iştirak etməyən klublar, həmçinin gənclər və qadın futbolu arasında bölüşdürələcək. Bu isə EFC-nin 2020-24 tsiklində 901 klub arasında böldüyü 233 milyon avrodan əhəmiyyətli dərəcədə böyük məbləğdi.
Bu təşəbbüs açıqlanan kimi FİFA da gediş etdi və 2025-ci ildə kliblararası dünya çempionatı genişləndiriləndən sonra klublara vəd etdiyi pulun bir hissəsini blokladı. Avropa klubları 250 milyon dollarlıq həmrəylik fondundan yarısını, yəni 125 milyon alacaq. Bu da WFC-nin təsisçilərinin vəd etdiyi məbləğdən hədsiz azdı.
Daha bir cəlbedici məqam odu ki, bir il əvvəl EFC və FİFA gələcəkdə FİFA-nın klub turnirlərinin kommersiya və əməliyyat aspektlərini idarə etmək səlahiyyətinə malik olacaq birgə müəssisə yaratmaqla bağlı razılığa gəlmişdi. Lakin bu məsələ ilə bağlı dəqiq razılıq əldə olunmadı. Avropalılar iddia edir ki, bu, özünün “FİFA Forward Enterprise” layihəsinə köklənən İnfantinonun yetərincə maraq göstərməməsi üzündən baş verdi. EFC birgə müəssisənin yaradılmamasını əvvəlcədən razılaşdırılmış əməkdaşlıq formatını pozmaq cəhdi kimi qiymətləndirdi.






