6 oyun, 36 qol, 780 tamaşaçı... - kubok həm də biabırçı hadisələrlə başladı

11.10.2026 21:28 45
Ölkə futbolu / Manşet
Oktyabrın 7-si-9-u aralığında ölkə kubokunda 1-ci təsnifat mərhələsinin oyunları keçirildi. Bu çərçivədə yalnız 2-ci liqa klublarının mübarizəsinə şahidlik etdik.

Əslində, qarşılaşan komandaların aşağı liqa təmsilçiləri olması oyunların qüsursuz keçməyəcəyinin carçısı idi. Ancaq etiraf edək ki, çatışmazlıqların həddən artıq olacağını düşünməmişdik. Azı ona görə ki, premyer-liqa və 1-ci liqa kimi 2-ci liqada da ildən-ilə inkişafın olacağı gözlənilirdi. Hadisələrin axarı isə bunun əksini göstərdi.

Bəlli oldu ki, kollektivlərin ciddi maliyyə problemləri ilə üzləşməsi iki cəbhədə mübarizə aparmağa əngəl törədir. Təsəvvür edin, lider "Şirvan" belə məhz bu çətinliyin fəsadları üzündən heyət çatışmazlığı yaşadığı üçün autsayder "Kür-Araz"a qarşı matçda uduzdu. "Şəki" isə "Qaradağ Lökbatan"dan 12 cavabsız qol buraxdı. "Football-plus.az"ın araşdırmasından sonra bilindi ki, bölgə təmsilçisinin heyətində 13 yaşlı futbolçu da var imiş!

Bununla belə, oyunların demək olar hamısında böyükhesablı qələbələr qeydə alındı.

Qaradağ Lökbatan - Şəki 12:0
Şəmkir - Ağstafa Gəncləri 1:5
Difai - Zəngəzur 1:3
Marafon - Dinamo 3:0
Şirvan - Kür-Araz 1:3
Ağdaş - Hypers 1:6


Göründüyü kimi, artıq 2-ci liqa komandaları arasında da aşkar səviyyə fərqi görünür. Heç şübhəsiz, 2-ci təsnifat mərhələsində də bu cür tendensiya davam edəcək. Axı burda artıq 1-ci liqa komandaları ilə yanaşı premyer-liqa təmsilçiləri də mübarizəyə qoşulacaq.

Onu da vurğulayaq ki, 1-ci təsnifat mərhələsinin matçlarını 780 tamaşaçı tribunalardan izlədi. Bu da orta hesabla 130 azarkeş edir. Deməli, 2-ci liqa klubları həm də tərəfdarların yardımından məhrumdu.

İndi siz düşünün, bu komandaların taleyi necə olacaq? Ölkə kuboku kimi səviyyəli yarışda bu cür xoşagəlməz mənzərə kimə nə qazandırır? Heç nə!

KƏNAN BAHADIR