Jenezyo məhdud resurslarla işləməyi bacarır. “Marsel”in yayda heyətini gücləndirmək imkanı olmadı. Klub üç oyunçu aldı ki, onlardan ikisi – Fakundo Medina və Hamed Traore sövdələşmə gerçəkləşəndən dərhal sonra başqa klublara getdi. Borcları ödəmək üçün Medinanı “Bayer-04”ə 23 milyon avroya satdılar, Traore isə “Cenoa”ya 2 milyona icarəyə verildi. Üç yeni futbolçudan yalnız Timoti Vea qaldı. Mövsüm “Marsel” üçün qorxunc başladı. İlk turda “Strasbur”u darmadağın edən (4:0) cənublular ardından bütün turnirlər çərçivəsində ardıcıl 5 oyunda uduzdu.
Niyə hər şey bu dərəcədə pisdi?
“Marsel”in nəhəng maliyyə problemləri var. Ötən mövsümün sonunda 5-ci yeri tutmaqla Çempionlar Liqasına vəsiqə qazana bilməyən komanda önəmli gəlir kanalından məhrum oldu. Yayda isə UEFA klubu maliyyə razılaşmasının şərtlərini pozduğuna və heyətlə bağlı xərclər limitini aşdığına görə 10 milyon avro cərimələdi, həmçinin 2026/27 mövsümündə avrokuboklar üçün yeniləri qeydiyyatdan keçirmək hüququnu məhdudlaşdırdı. “Marsel” bu müddətdə maliyyə tələblərini yerinə yetirməsə, yaxın üç ildə vəsiqə qazanacağı təqdirdə avrokubok turnirini buraxacaq. Yayda “Marsel”i Meyson Qrinvud, Pyer-Emerik Obameyanq, Fakundo Medina, Xeronimo Rulyi və Kventin Timber tərk etdi, Leonardo Balerdi və Hamed Traore icarəyə verildi. Hətta oyunçuların belə kütləvi axınına və əməkhaqqı cədvəlinin 87,5 milyon avro “yüngülləşməsinə” baxmayaraq, vəziyyət ciddi şəkildə yaxşılaşmayıb.
Jenezyo “transfer pəncərəsi” bağlanan ərəfədə vəziyyətin çətinliyindən belə gileyləndirdi:
“Yeni oyunçular olmayacaq. Üç və ya dörd oyunçunun getməsi lazımdı ki, bir-iki debütantı qeydiyyatdan keçirək”.
“Pəncərə”nin son günlərində Timberi “Kristal Pelas”a satan “Marsel” İqor Payşaonu da “Sanderlend”ə buraxmaq niyyətindəydi. Ancaq Jenezyo vingerin gedişinə qarşı çıxdı, rəhbərliklə mübahisə etdi (hətta mümkün istefa ilə bağlı xəbərlər də yayıldı) və istədiyinə nail oldu. “Marsel”in prezidenti Stefan Rişarın açıqlaması:
“Bruno məni şantaj etmədi, demədi ki, hansısa futbolçu getsə, mən də gedəcəm. Ancaq Payşao ilə bağlı fikir ayrılığı var idi. Mən də onun qalmasının vacibliyini dedim. Müdaxilə etməsəydim, oyunçu gedəcəkdi. Enində-sonunda qərarı klubun sahibi Frenk Makkort verdi”.
“Marsel” hətta Avropa Liqasında iştirakdan imtina imkanını da gözdən keçirirdi. Belədə UEFA-nın kluba təzyiqi azala bilərdi. Ancaq klubdaxili məsləhətləşmədən sonra rəhbərlik turnirdə iştiraka qərar verdi. Bu da Rişarın digər dəyərləndirməsi:
“Qazandığının 50 faizini itirən biznes risk zonasındadı, yox olmaq təhlükəsi yaşayır. İdman mənasında da belədi. Ətrafımızda nümunələr var, məsələn, “Bordo”. Kimsə düşünürsə ki, “Marsel” ölməzdi, ona görə ki, “Marsel”di, yanılır. Narahatıq. Fanatlar bütün hallarda stadiona gəlməli və komandanı dəstəkləməlidi”.
Hazırda klubun maliyyə durumunda tərəqqi ilə bağlı heç bir əlamət yoxdu.
Jenezyo daim problemlərdən danışır
Jenezyo güclü təzyiq altındadı. Amma baş məşqçi susmur və fəal şəkildə problemləri müzakirə edir:
“Məşqçi karyerasında iki aspekti nəzərə almaq lazımdı. Birincisi idman aspektidi: yaxşı oyunçuların varsa, onları saxlamaq istəyirsəm. İkinci aspekt maliyyədi. Bu mənim məsuliyyət zonam deyil, prezidentin və idman direktoru Lorentsinin səlahiyyətləri daxilindədi. Məhdudiyyətlərdən xəbərdaram, bura vəziyyəti dərk edərək gəlmişəm”.
Jenezyo bu açıqlamanı iyulda vermişdi. Ancaq “transfer pəncərəsi”nin gedişində baş məşqçi ilə rəhbərlik arasında fikir ayrılığı yarandı. Yayda “Nyukasl”a keçməkdən imtina edən Pyer-Emil Höybyerq rəhbərliyin tələbi ilə kapitan sarğısından məhrum olundu. Jenezyo onda buna görə gileyləndi:
“Bu qərarı rəhbərliyin diktəsi altında vermişəm. Açıq danışsam, bununla razı deyiləm. Ancaq klubun əməkdaşı kimi müəyyən öhdəlikləri yerinə yetirməliyəm”.
Ardından bir qədər əvvəl xatırlatdığımız Payşao qalmaqalı oldu. Məhz Bryunonun müdaxiləsi həlledici oyunçulardan birini saxlamağa imkan verdi:
“Mənim vəzifəm belə qərarın oyunla bağlı fəsadlarını rəhbərliyə çatdırmaqdı. Bu, klubun varlıq məsələsidi. Həm klubun maliyyə durumuna uyğunlaşmaq, həm də bəzi idman nəticələrini qorumaq lazımdı. Bəxtim gətirdi, rəhbərlik məni eşitdi”.
Avropa Liqasından mümkün imtina ilə bağlı xəbər yayılandan sonra Jenezyo dedi ki, komanda turnirdə bütün gücünü qoyacaq və özünəinamı qaytarmağa çalışacaq. İlk turda “Beşiktaş”a məğlubiyyətdən (1:4) sonra isə balans tapmaq üçün vaxta ehtiyac duyduğunu bildirdi.
“Marsel” yığma fasiləsi ərəfəsindəki son turda evdə PSJ-yə uduzmalq (1:2) düşmə zonasına yuvarlandı. Jenezyo isə rəhbərliklə danışmaq fikrinə düşdü:
“Təzyiq mənim işim və nəticələr ilə bağlıdı. Öz cavabdehlik payımı dərk edirəm, ancaq indi bu məğlubiyyəti yaşamağı və başqa əməkdaşlarla danışmağı düşünürəm. “Marsel” üçün normal olmayan durumdu”.
Artıq Fransa mediasında Jenezyonun rəhbərliklə gərgin münasibətlər üzündən ilin sonuna qədər postundan ayrılacağı ilə bağlı xəbərlər yayılır. Düzdü, “Marsel” ümidsiz vəziyyətdə deyil (xüsusən də hücumda), ancaq müdafiədə pis oyun komandanı aşağıya dartır. Maliyyə problemləri fonunda Jenezyonun vəzifəsi hədsiz çətin görünür: indi hətta avrokuboklara vəsiqə uğrunda mübarizə perspektivi belə inandırıcı deyil.






