Milli komandaların oyunları ilə bağlı premyer-liqada yaranan təxminən üçhəftəlik fasilə, nəhayət, bu gün başa çatacaq.
Beləliklə, 7-ci turun oyunlarına şahidlik edəcəyik. Bizi bir-birindən maraqlı matçların gözlədiyinə şübhə yoxdu. Hər kəsin gözü xüsusən “Neftçi”nin “doğma divarlar” arasında “Sabah”la qarşılaşacağı oyunda olacaq. Ona görə ki, bu qarşılaşma təkcə paytaxt derbisi deyil, həm də liderlə ən yaxın izləyicisinin zirvə uğrunda gərgin keçəcəyi gözlənilən mübarizəsi anlamına gəlir. Turun bütün görüşləri “CBC Sport”un efirində canlı yayınlanacaq. “Neftçi” – “Sabah” matçını isə həm də “İdman” TV-dən izləmək mümkün olacaq.
9 oktyabr
Araz-Naxçıvan – Kəpəz
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 8:+4=1-3, 9:6.
2000/01 – 1:3; 2001/02 – 2:0; 20223/24 – 0:1, 1:2; 2024/25 – 1:0, 0:0; 2025/26 – 2:0, 2:0.
Cəzalı: Mamadu Kane (Araz-Naxçıvan).
“Futbol+”in proqnozu: 25-30-45.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı, şəhər stadionu. Saat 16.00.
Uğursuz nəticələrdən sonra Cavid Hüseynovla yollarını ayıran “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimovdu. Ukraynalı mütəxəssis debüt matçında ilk qələbəsini qazanmağa cəhd göstərəcək. “Qırmızı-ağlar” mümkün qələbə sayəsində “zirzəmi”dən xilas olmağa çalışacaq. İlk turlarda son mövsümlərin ən yaxşı nəticələrinə yiyələnən “Kəpəz” isə xal ehtiyatını artırmağa davam etməlidi. Orta pillələrdə qərarlaşan “sarı-göylər” mövqeyini möhkəmləndirmək üçün buna məcburdu.
Komandalar indiyə qədər 15 dəfə qarşılaşıb. Bunların 7-də Naxçıvan, 6-da Gəncə təmsilçisi qələbə qazanıb, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində “Kəpəz” üstündü – 20:17.
Neftçi – Sabah
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 15:+7=3-5, 19:12.
2018/19 – 2:0, 3:0; 2019/20 – 1:1, 4:0; 2020/21 – 1:0, 2:1; 2021/22 – 1:2, 1:0; 2022/23 – 2:3, 1:0; 2023/24 – 0:1, 0:1; 2024/25 – 0:2, 1:1; 2025/26 – 0:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 35-25-40.
Hakimlər: RAUF CABBAROV, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Bakı, “Palms Sports Arena”. Saat 19.30.
Mərkəzi matçda qan su yerinə axacaq desək, yanılmarıq. Paytaxtın iki güclü təmsilçisinin qarşılaşacağı dueldə məqsəd yalnız qələbə olacaq. “Neftçi” liderliyini qorumaq, “Sabah” zirvəni ələ keçirmək uğrunda tər tökəcək. Klublardan qəzetimizə verilən məlumata görə, “ağ-qaralar”ın zədəlisi yoxdu, “bayquşlar”dan isə Xəyal Əliyevlə Stiv Solvetin müalicəsi hələ davam edir. Ancaq Valdas Dambrauskasın sərəncamında geniş heyət var. Deməli, bu məqam qonaqları çəkindirməyəcək. O başqa məsələ ki, dörd gün sonra Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda Slaviya “Praqa”sını qəbul edəcək “Sabah” bir qədər ehtiyatlı oyuna üstünlük verə bilər. Hər halda, paytaxt derbisinin çəkisi ağırdı və komandaların oyuna tam məsuliyyətlə yanaşacağına, azarkeşlərin əvvəldən sona qədər baxımlı oyun izləyəcəyinə əmin ola bilərik.
Paytaxt təmsilçiləri indiyə qədər 30 dəfə üz-üzə gəlib. Bunların 14-də “Neftçi”, 9-da “Sabah” qələbəyə sevinib, 7-də “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 36:25.
10 oktyabr
Zirə – Şamaxı
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 19:+8=9-2, 27:15.
2015/16 – 0:0, 2:1; 2016/17 – 1:1, 1:1; 2017/18 – 1:1, 1:2; 2018/19 – 2:2, 2:0; 2019/20 – 3:1; 2020/21 – 3:1, 0:0; 2021/22 – 2:0, 0:0; 2022/23 – 1:0, 2:2; 2023/24 - 0:1, 3:0; 2025/26 – 2:1, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 45-30-25.
Hakimlər: FƏRİD HACIYEV, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov.
VAR hakimi: Əkbər Əhmədov.
VAR hakiminin köməkçisi: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.00.
“Zirə” yeni mövsümdə qənaətbəxş nəticələr qazanmağa nail olub. Sadəcə, hadisələrin axarı “qartallar”ı ilk “dördlük”dən uzaq salıb. Qəsəbə təmsilçisi daha yaxşısına ümid edirsə, toparlanmamağa məcburdu. Bunun üçün evdə “Şamaxı”ya qarşı keçiriləcək oyun ideal şansdı. Çünki meydan sahibləri doğma azarkeş dəstəyindən də yararlanmaqla qələbəni qeyd etmək iqtidarındadı. “Şirlər” isə premyer-liqada qalmaq uğrunda mübarizə aparanlar sırasındadı. Bölgə təmsilçisi iddialı rəqibdən xal qoparacağı halda bayram edə bilər.
Komandalar indiyə qədər 38 dəfə üz-üzə gəlib. Bunların 16-da “Zirə”, 8-də “Şamaxı” qələbə qazanıb, 14-də qalib müəyyənləşməyib. Topların nisbətində “qartallar” öndədi – 50:35.
Sumqayıt – Qəbələ
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 25:+6=10-9, 22:31.
2011/12 – 1:2; 2012/13 – 0:1; 2013/14 – 2:1, 0:3; 2014/15 – 1:1, 0:2; 2015/16 – 2:2, 1:1; 2016/17 – 2:2, 2:1; 2017/18 – 0:1, 0:2; 2017/18 – 2:2, 1:0; 2018/19 - 1:1; 2020/21 – 0:1, 2:0; 2021/22 – 0:0, 0:4; 2022/23 – 1:1, 2:3; 2023/24 – 0:0, 1:0; 2025/26 – 0:0, 1:0.
Cəzalı: Səbuhi Abdullazadə (Sumqayıt).
“Futbol+”in proqnozu: 40-25-35.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 19.30.
Əslində, autsayderlər sırasında qərarlaşan “Sumqayıt”ın da fasilə ərəfəsində baş məşqçi Felipe Kandido ilə vidalaşacağı düşünülürdü. Lakin “gənclik şəhəri”nin təmsilçisi mütəxəssisə güvənməkdən yana oldu. İndi portuqaliyalı üçün əsl həqiqət anıdı. Çünki etimadı doğrultmaq lazımdı. Axı baş məşqçi ayrılığı üçün hələ gec deyil. “Qəbələ” isə Kaxaber Sxadadzeyə rəhm etmədi. Artıq yola Yeton Bekiri ilə davam edəcək “qırmızı-qaralar” xallar toplamalı, təhlükəli zonadan uzaqlaşmalıdı.
Bu komandalar indiyə qədər 50 dəfə qarşılaşıb. Bunların 10-da “Sumqayıt”, 25-də “Qəbələ” qalib gəlib, 15-də hərəyə bir xal düşüb. Topların nisbətində bölgə təmsilçisi öndədi – 71:40.
11 oktyabr
İmişli – Qarabağ
“İmişli”nin bu rəqiblə ev oyununun balansı: 1:+0=0-1, 0:1.
2025/26 – 0:1.
Cəzalı: Juninyo (İmişli).
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: ELVİN BAYRAMOV, Pərvin Talıbov, Eyyub İbrahimov, Ruslan Quliyev.
VAR hakimi: Vüqar Həsənli.
VAR hakiminin köməkçisi: Zöhrab Abbasov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax, şəhər stadionu. Saat 16.00.
“İmişli”nin ötən mövsümlə müqayisədə zəiflədiyi sirr deyil. Ancaq “pələnglər”in bundan sonra hansı nəticələrlə yadda qalacağı maraq doğurur. Ona görə ki, komanda son vaxtlar yayda vidalaşdığı futbolçuları qaytardı. Onların Fərid Namazovun rəhbərliyi altında da özünü yaxşı tərəfdən göstərməsi komanda üçün faydalı ola bilər. Belədə “İmişli” ortabablar sırasında mövqeyini qorumaqda çətinlik çəkməyəcək. “Qarabağ” isə təbii ki, çempionluq uğrunda döyüşür və xal itirmək haqqı yoxdu. “Köhlən atlar” rəqib tanımamalı, sürətlə zirvəyə doğru irəliləməlidi. Ardıcıl 6-cı qələbəni qazanmaq, ən əsası, hədəfə çatmaq üçün bu rəqibi də yenmək lazımdı.
Komandalar indiyə qədər 3 dəfə qarşılaşıb. Bu matçların hamısı “Qarabağ”ın qələbəsi ilə nəticələnib. Təbii ki, topların nisbətində də ağdamlılar öndədi – 6:0.
Şəfa – Turan-Tovuz
“Şəfa” bu rəqiblə indiyə qədər evdə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: ƏLİ ƏLİYEV, Namiq Hüseynov, Rahil Ramazanov, Murad Səlimov.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 18.30.
“Şəfa” hələ özünü yaxşı tərəfdən göstərməkdə çətinlik çəkir. Düzdü, debütant “Sumqayıt” və “Araz-Naxçıvan”dan fərqli mövsümdə ilk qələbəsini qazana bilib. Ancaq burda dayanmaq olmaz. Hədəf premyer-liqada möhkəmlənməkdisə, xallar qazanmaq, təhlükə zonadan uzaqlaşmaq lazımdı. Çempionluq üçün mübarizə aparan “Turan Tovuz” isə hədəfdən indidən xeyli aralı düşüb. Növbəti xal itkiləri “bozqurd”u nəinki liderliyə, ilk “dördlüy”ə belə həsrət qoya bilər. Odu ki, “Şəfa”nın meydanından qələbə ilə ayrılmaq komandanın mövqeyini qoruması üçün əhəmiyyət daşıyır.
1. Neftçi 6 5 0 1 18-5 15
2. Sabah 5 5 0 0 14-1 15
3. Qarabağ 5 4 1 0 9-4 13
4. Turan Tovuz 6 3 2 1 6-4 11
5. Zirə 6 3 1 2 7-8 10
6. Şamaxı 6 2 3 1 8-6 9
7. Kəpəz 5 2 1 2 4-7 7
8. İmişli 6 1 1 4 6-11 4
9. Qəbələ 6 1 1 4 2-7 4
10. Şəfa 6 1 0 5 2-11 3
11. Sumqayıt 5 0 2 3 4-8 2
12. Araz-Naxçıvan 6 0 2 4 5-13 2
Bombardir: Breno Almeyda (Neftçi) – 7.
Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Araz-Naxçıvan” son 3 oyunda qələbə qazanıb. “Kəpəz” son 7 matçda qol vurmayıb.
// “Sabah” son 2 qarşılaşmada qol vurub. “Neftçi” son 5 ev görüşündə qələbə qazanmayıb.
// “Sumqayıt” son 7 oyunda uduzmayıb. “Qəbələ” son 6 görüşdə qol vurmayıb.
// “Zirə” son 6 matçda qol vurub. Son üç qarşılaşmada isə hər iki komanda fərqlənib.
// “Qarabağ” bütün görüşlərdə qalib gəlib. “İmişli” qol vurmayıb.
KƏNAN BAHADIR
Premyer-liqada zirvə döyüşü: Vernidub, yoxsa Dambrauskas? - YENİLƏNİR
Ölkə futbolu / Manşet






