3 bərabərliklə öz qrupunda 2-ci pilləni tutan Afrika təmsilçisi 1/16 finalda son dünya çempionu Argentina ilə qarşılaşdı. Əsas vaxtı 1:1 hesabı ilə bitən matçda Kabo Verde 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşmalı oldu. Amma debütant bu turnirdə əsas vaxtda heç kimə uduzmamaqla və bütün matçlarda xarakter nümayiş etdirməklə alqış qazandı.
Bu arada son matçda Kabo Verdenin heyətində durumu 2:2-yə gətirən və turnirin ən gözəl qollarından birini vuran sol müdafiəçi Sidni Lopeş Kabral oyundan sonra Türkiyə mətbuatına acıqlamalar verib.
Məsələ burasındadı ki, bu futbolçu karyerasını Türkiyədə davam etdirəcək. O, təxminən 1 ay öncə 7 milyon avro qarşılığında ''Benfika''dan ''Trabzonspor''a transfer olunub. Kabraldan başqa Kabo Verdenin heyətində türkiyəli futbolsevərlərə gözəl tanış olan daha 3 futbolçu var. Söhbət ''Trabzonspor''lu Vaqner Pina, ''İstanbul BŞ''li Nunu Da Koşta və ''İgdır''lı Rayan Mendeşdən gedir. Həm vurduğu qol, həm də ''Trabzonspor'' haqda danışan Kabral bunları deyib:
''Qol vurduğuma və ölkəmə yardım edə bildiyimə görə çox xoşbəxtəm. Açığı, hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Artıq insanlar Kabo Verdeni tanıyır və bizə hörmət edirlər. Çox yaxşı bir futbol ölkəsi olduğumuzu göstərdik. Səviyyəmizi hər kəs gördü. Bizim qrupdan çıxmaq ehtimalımız belə 1 faiz dəyərləndirilərkən pley-offa qədər irəlilədik. Ən azı hörmətəlayiq ölkə olduğumuzu göstərdik. Messiyə, yəni dünyanın ən yaxşı oyunçusuna qarşı oynamaq gözəl bir hiss idi. ''Trabzonspor'' çox gözəl bir klubdu və mükəmməl fanatlara sahib olduqlarını bilirəm. Ora qoşulmağı və yeni mövsümün startını səbirsizliklə gözləyirəm''.





