Azərbaycanlı futbolsevərlərə gözəl tanış olan İbrahim Şehiç yeni dəbə uyaraq karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə qərar verib.
“Football-plus.az” xəbər verir ki, son 3 mövsümdə ''Konyaspor''un şərəfini qoruyan təcrübəli qapıçı ''Əl-Xalic'' ilə ikiillik müqavilə imzalayıb. Konya təmsilçisinin bu satışdan bonuslarla birlikdə 900 min avro qazanacağı gözlənilir. Bundan başqa Şehiç klubun ona olan 300 min avroluq borcdan da imtina edərək gedərayaq ''Konyaspor'' üçün yaxşılıq edib. Şehiçin yeni klubunda illik 1,5 milyon avro qazanacağı gözlənilir.
Xatırladaq ki, bosniyalı qapıçı 2013-18-ci illərdə ''Qarabağ''ın şərəfini qoruyub. Daha sonra 2 mövsüm ''Ərzurumspor''da çıxış edən 34 yaşlı əlcək sahibi 2020-dən Konya klubunda idi. ''Əl-Xalic''ə gəlincə bu kollektiv ötən mövsüm 16 komandalı Səudiyyə Ərəbistanı çempionatını 14-cü pillədə tamamlamışdı.
ƏLİ