"Dəyişikliyə ehtiyac vardı - ya mən getməliydim, ya da futbolçular”
Mladen Milinkoviçin “Keşlə”li günləri cəmi üç ay çəkdi. Yayda, dəqiq desək, iyulda “Baltsan” səddi keçilməyəndən sonra “qırmızılar”ın “sükanı arxasına” gətirilən serbiyalı mütəxəssisin ölkəmizdə duruş gətirməyəcəyi bəlli idi. Ölkə kubokunu qazanan Maksimova qapı göstərilmişdisə, Milinkoviç çox qala bilməzdi. Premyer-liqada “Keşlə”nin 8 oyundan sonra hesabına cəmi 5 xal yazması və turnir cədvəlində yalnız “Zirə”ni qabaqlaması klubun Müşahidə Şurasının sədri Zaur Axundovu razı sala bilməzdi. Odu ki, “qapını göstərməkdə” usta olan Axundov bu dəfə eyni münasibəti serbiyalıya göstərdi.
Paytaxt təmsilçisinin yeni çalışdırıcısının adı məlumdu – Tərlan Əhmədov. Bundan sonra nəticələrə o cavabdehlik daşıyacaq. İndiki məqamda Əhmədovla danışmaq üçün ciddi əsas yoxdu. Adam komandaya yeni gəlib, çox şeydən xəbərsizdi. Ona görə də müsahibəni bir neçə gün sonraya saxlamağı düşündük. Əvəzində Milinkoviçi arayıb, başverənlərə aydınlıq gətirməsini xahiş etdik.
- Deyəsən, Bakıdasız...
- İçərişəhərdəyəm, Aleks (“Keşlə”nin fiziki hazırlıq üzrə məşqçisi Aleksandr Karakliçi nəzərdə tutur – H.) və onun xanımı ilə nahar edirik. Çox güman, cümə axşamı Bakını tərk edəcəm.
- Yubanmanın səbəbi müqavilə məsələlərinə görədi?
- Müqavilə ilə bağlı elə bir problem yoxdu. Zaur Axundovla danışıb məsələni yoluna qoymuşuq. Gedişim gözlənilməz olduğundan təyyarə bileti və bank hesabları ilə bağlı məsələləri həll etməliyəm.
- Qarşılıqlı razılıq oldu?
- Təbii ki. Ortada adım varsa, başqa cür ola da bilməz. Heç kimə problem yaradan insan deyiləm. Burda qalmağım məsləhət deyilsə, getmək haqda düşünməliyəm, başqa heç nə.
- Anlaşmanın müddəti, bildiyimə görə, mövsümün sonuna qədər idi. Hər halda, təzminat tələb etmək haqqınız vardı. Bu üzdən soruşdum.
- Belə şeyləri sevmirəm. Gedəndə də başıuca, problemsiz getməyin tərəfdarıyam. Zaur Axundovdan incikliyim yoxdu, heç nədən də narazı deyiləm. Dost kimi söhbətləşib məsələni aramızda həll etdik. Mənə qarşı haqsızlıq olsaydı, dediyiniz kimi, təzminat haqda danışmaq olardı. Amma burda söhbət zəif göstəriciyə sahib komandadan gedirsə, uzatmağın mənası yoxdu.
- Rahat danışırsız. Sanki getməyi hamıdan əvvəl özünüz istəyirdiz.
- Getmək istəyim olsaydı, çoxdan gedərdim, ya da bu haqda açıqlama verərdim. Axundov oyundan sonra zəng vurdu, söhbətləşdik. Belə vəziyyətdə nə etməli olduğumuzu soruşdu, “qərar sizindi, necə istəsəz, elə də olsun” cavabını verdim. O da mənimlə yolları ayırmaq haqda düşündüyünü bildirdi. Hörmətlə yanaşaraq heç bir problemin olmadığını söylədim. Məsələ iki dəqiqənin içində həll olundu. Əsas odu, dostluq münasibətimiz yerində qalıb. Başa düşürəm, dəyişikliyə ehtiyac var idi - ya mən getməliydim, ya da futbolçular. Mövsümün gedişində futbolçuları göndərmək mümkün olmadığı üçün mənim getməyim məsləhət idi. Məni klubun rəhbərinə Aleks məsləhət görmüşdü, o da sağ olsun, razılıq vermişdi. Yəni aramızda Aleks var, başqa hansısa söhbət ola bilməzdi.
- Keçək əsas məsələyə. “Keşlə”nin bu durumda olmasının səbəbini nədə görürsüz? 8 oyunda cəmi 1 qələbə...
- Bu haqda rəhbərlik də məndən soruşdu. Qələbə deyirsiz, amma gəlin etiraf edək ki, həmin oyunda “Zirə” qələbəyə daha çox layiq idi. Matçboyu bizdən üstün futbol sərgilədilər, çoxlu qol imkanını boşa verdilər, sadəcə, bəxtimiz gətirdi. “Sumqayıt”a uduzduğumuz oyunda da rəqib bizdən yaxşı təsir bağışlamışdı. Razıyam, bu iki matçda məğlubiyyətə layiq idik. Amma digər görüşləri nəzərə alsaq, heç kimdən geri qalmamışıq. “Neftçi” və “Səbail”lə oyunlara baxın, nə qədər qol şansını boşa vermişik. “Neftçi”ylə qarşılaşmada Klennon iki dəfə 100 faizlik şansdan yararlana bilmədi. “Səbail”lə oyunda ilk hissənin sonlarına yaxın Vaqif inanılmaz fürsəti qaçırdı. Futbolun qanunudu, qol vura bilmirsənsə, uduzmalısan. Ən ciddi problem qol şanslarını boşa verməyimiz idi.
- Əsas səbəbi bunda görürsüz?
- Böyük ölçüdə, bəli. Baxın, “Zirə” üzərindəki qələbədən sonra “Səbail”lə oyunda geridönüş edib iki qol vursaydıq, vəziyyət fərqli olacaqdı. Və komanda “Qarabağ” qarşısına fərqli əhval-ruhiyyədə çıxacaqdı.
- Sizcə, Tərlan Əhmədov bu futbolçularla nəsə edə biləcək?
- Bir çox hallarda məşqçi dəyişikliyi müsbət effekt verir, komandanı “silkələyir”. Necə olacağını indidən demək çətindi. Bir şeyi bilirəm ki, “Keşlə”nin uğur qazanmasını arzulayacam. Bu komanda uğur qazanmağa layiqdi. Rəhbərlik rahatlığımız üçün hər cür şərait yaradıb, bazamız var, maliyyə sıxıntısı yaşanmır. Çatışmayan azarkeşlərdi. Bu da təkcə “Keşlə” ilə bağlı problem deyil. Azərbaycanda olduğum müddətdə bir sualın cavabını tapa bilmədim: bu dərəcədə maraqlı çempionat və güclü komandalar varkən, azarkeşlər niyə stadiona gəlmir? Kimdən soruşdumsa, hamı başını buladı, “bilmirəm” dedi. Ötən il Çempionlar Liqasının qrupunda oynamış, bir ay əvvəl “Arsenal”ı Bakıya gətirmiş “Qarabağ”ın oyununa gələn yoxdu: 500, uzağı 1000 nəfər.
- Üzgünsüz?
- Hər bir məşqçi getdiyi yerdən uğurlu nəticələrlə ayrılmaq istəyər. Təbii, burda daha çox qalmaq, ümidləri doğrultmaq istəyərdim. Amma bu 35 ildə futbolda elə hadisələr yaşanıb ki, gələcəyə boylanmaq haqda düşünürsən. 20 il futbolçu kimi top dalınca qaçmışam, 15 ildi məşqçiliklə məşğulam. Çox sayda komanda dəyişmişəm, belə deyim, çox şey görmüşəm. Ona görə də təmkinli davranmaq lazımdı.
- Fikir verirəm, komandaya iyulda gəldiyinizi və çempionata hazırlaşmaq üçün yetərincə vaxtınızın olmadığını dilə gətirmirsiz.
- Onu demərəm. Çünki nə vaxt və hansı vəziyyətdə gəldiyimi bilib qərar vermişdim. Kimsə məni məcbur çağırmamışdı. Deyim ki, lazımi qədər olmasa da, müəyyən zamanımız oldu. Bir neçə futbolçu ilə güclənə bildik. Fikrimcə, əsas problem iyulda gəlməyim deyildi. Bizi şanssızlıq və qol vəziyyətlərini dəyərləndirə bilməmək bu günə saldı. O qolları vursaydıq, indi istefamla bağlı danışmırdıq.
- Şərait dediz. Vaxtilə çalışdığınız Albaniya ilə Azərbaycan futbolunu, çempionatları müqayisə edə bilərsiz?
- Azərbaycan futbolunda böyük pullar dövr edir və bu fakt hər mənada özünü göstərir. İstər komandalara yaradılan şərait olsun, istər bura gələn əcnəbilərin səviyyəsi, istərsə də infrastruktur baxımından sizdə vəziyyət daha yaxşıdı. Ancaq meydanda sərgilənən oyundan danışırsızsa, Albaniyada daha sürətli və sərt futbola üstünlük verirlər ki, bu da müasir futbolun vacib tələblərindəndi. Sadəcə, onların pulu yoxdu, nələrsə etmək istəyirlər, amma alınmır. Razılaşarsız ki, Avropada ortabab komandaların yüksək hədəflər uğrunda mübarizə aparmaq üçün bir neçə səviyyəli legionerə ehtiyacı var. Amma büdcələri imkan vermir.
HƏBİB