Zaur Axundov bəyanat yaydı
Premyer-liqanın startına iki gün qalsa da, bəzi klublar hələ də transfer fəaliyyətini davam etdirir, boşluqları doldurmağa çalışır. “Keşlə” də onlardan biridi. Əslində paytaxt klubu transfer mövzusunun onlar üçün qapandığını açıqlamışdı. Baxmayaraq ki, Mladen Milinkoviçin gəlişindən sonra Elnur Cəfərovun keçidi baş tutub. Ancaq Sezar Meza Kollinin klubdan ayrılıb Rumıniyaya üz tutmasından sonra orta sahəyə yeni oyunçu alınması gündəmə gəlmişdi. Nəzərə alaq ki, daha bir mərkəz oyunçusu, dayaq yarımmüdafiəçi Fuad Bayramov da zədələnib. Yeri gəlmişkən, Fuad artıq cərrah müdaxiləsinə məruz qalıb. Türkiyədə baş tutan əməliyyat uğurlu alınıb. Diz bağları qırılan futbolçunun əməliyyatını tanınmış cərrah Sərdar Mehmet Binnət həyata keçirib. 24 yaşlı yarımmüdafiəçinin ən azı gələn ilin yanvarına kimi yaşıl meydanlardan kənarda qalacağı güman olunur.
Artıq "Keşlə"nin düşərgəsinə yeni legioner qoşulub. Klubun mətbuat xidmətindən verilən məlumata görə, serbiyalı yarımmüdafiəçi Nikola Mitroviç hazırda paytaxt təmsilçisinin düşərgəsindədi. Mladen Milinkoviçin istəyi ilə baxışa cəlb olunan 31 yaşlı futbolçunun birbaşa müqaviləyə dəvət olunduğu bildirilsə də, serb məşqçinin həmyerlisi barədə yaxın günlərdə qərar veriləcək. Onunla rəsmi müqavilə imzalanacağı gözlənilir. 31 yaşlı futbolçu geridə qalan mövsümü Polşanın “Visla” klubunda keçirib. O, mövsümün ikinci dövrəsində transfer olunduğu sözügedən komandanın heyətində 13 oyuna çıxıb. Serbiyanın “Napredak” klubunun yetirməsi olan təcrübəli futbolçu daha öncə “Partizan”, “Volqa” (Rusiya), “Uypeşt”, “Videoton” (hər ikisi Macarıstan), “Makkabi” (Təl-Əviv, İsrail), “Şanxay Şensin” (Çin), “Bney Yehuda” (İsrail), “Anortosis” (Cənubi Kipr) klublarında da forma geyib. Mitroviç Serbiya yığmasında cəmi 1 oyun keçirib.
Bu arada“Keşlə” rəsmi saytında Müşahidə Şurasının sədri Zaur Axundovun açıqlamasını yayıb. Axundov klubun adının danışılmış oyunda hallanmasına, konkret Avropa Liqası çərçivəsində “Baltsan”la səfər qarşılaşmasının “totalizator”a qoyulmasıyla bağlı iddialara reaksiya verib: “Son günlər bəzi mətbu orqanlarda “Keşlə”nin Avropa Liqası çərçivəsində Maltanın “Baltsan” komandasına qarşı səfərdə keçirdiyi oyunun guya UEFA tərəfindən şübhəli oyunlar siyahısına salınması ilə bağlı əsassız, absurd və düşünürəm ki, qərəzli məlumatlar yer almaqdadı. Burda vurğulanması vacib olan bir sıra məqamlar var. Əvvəla, Avropa Liqası hansısa milli assosiasiyanın və ya digər təşkilatın yox, UEFA-nın təşkil etdiyi turnirdi. UEFA-ya məxsus turnirlərdə şəffaflığın təmin olunması birbaşa qaydada Avropa futbol təşkilatının diqqətində olan məsələdi. “Keşlə” klubunun Müşahidə Şurasının sədri, eyni zamanda, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olaraq, hər hansı oyunun nəticəsinin danışılmış olması barədə hətta hər hansı kiçik ehtimala, azacıq şübhəyə belə etinasız yanaşmayacağım heç kimdə şübhə doğurmasın. Azərbaycan futbolunda şəffaflığın qorunub-saxlanılması üçün ötən mövsüm “Keşlə”nin iştirakı ilə görülən tədbirlər, yəqin ki, çoxlarının yadındadı. Klubun və şəxsən mənim bu məsələ ilə bağlı mövqeyim heç bir halda dəyişə bilməz.Lakin bəzi mətbuat orqanlarında artıq ittiham xarakterli məlumatların yer alması məsələyə reaksiya verməyimizi zəruri edir. “Baltsan” – “Keşlə” oyunu ilə bağlı klubumuzun ünvanına səsləndirilən ittihamların heç bir məntiqi əsası yoxdu, kiminsə təxəyyülünün məhsulu olan həmin məlumatlar həqiqəti əks etdirmir. Bir daha qeyd edirəm ki, UEFA-nın təşkilatçılığı ilə keçirilən turnirlərdə nəticəsi şübhəli sayıla bilən qarşılaşmalar olduqda araşdırma dərhal UEFA tərəfindən aparılır və yerli futbol federasiyalarına məlumat verilir. Bununla bağlı AFFA ilə əlaqə saxlamışam. “Baltsan” – “Keşlə” qarşılaşmasının nəticəsinin şübhəli olması barədə UEFA-dan AFFA-ya heç bir məlumat daxil olmayıb. Həmin oyunun şübhəli qarşılaşmaların siyahısına daxil olunması barədə bəzi saytlarda verilmiş məlumat doğru deyil. Bu cür əsassız yazıların dərc olunması təkcə bir şəxsin, bir klubun yox, bütövlükdə ölkə futbolunun imicinə xələl gətirə bilər. Heç kim öz fantaziyasının məhsulunu ictimaiyyətə fakt kimi təqdim etməyə cəhd göstərməməlidi. Azərbaycan futbolunun şəffaf, hər cür danışılmış oyunlardan uzaq olması üçün fəaliyyətimizi və mübarizəmizi bundan sonra da davam etdirəcəyik. “Keşlə” klubu da hər zaman bu prosesə öz töhfəsini verməyə çalışacaq”.
Yeri gəlmişkən, dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantıda "Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun futbolinfo.az və futbolpress.az saytlarına qarşı şikayətinə də baxılıb. Klubun şikayətçi olduğu məqamlar saytlarda yer alan tənqidi materiallarda “qarşı tərəfin mövqeyinin dərc edilməməsi”, “Müşahidə Şurası sədrinin işgüzar nüfuzuna xələl gətirilməsi” olub. Məsələnin müzakirəsi zamanı müəyyən edilib ki, futbolinfo.az və futbolpress.az saytlarında şikayət doğurmuş yazılarda “işgüzar nüfuza xələl gətirilməsi” hallarına yol verilməsi barədə iddialar təsdiqini tapmır. Yalnız balans prinsipinin pozulması halları mövcuddu ki, bunun aradan qaldırılması üçün sayt təmsilçilərinə tövsiyələr verilib. "Keşlə”yə isə media ilə əlaqələrində daha açıq olmaq, operativliyi artırmaq üçün daha müasir vasitləri tətbiq etmək tövsiyə olunub.
MİRAĞA