Premyer-liqada növbəti baş məşqçi istefası gerçəkləşdi. Gözlənildiyi kimi, “Keşlə” Mladen Milinkoviçlə yolları ayırdı. Klub rəsmi saytı vasitəsi ilə qərarı açıqlayıb. Məlumatda qeyd olunur ki, Milinkoviçlə klub arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Uğursuz nəticələr bu gedişi şərtləndirirdi. İlk dövrədə bərbad çıxış edən, qələbə qazana bilməyən “Keşlə”nin rəhbərliyi Milinkoviçə son şans vermişdi: o, millinin oyunlarına görə yaranan fasilədən sonrakı iki turda maksimum nəticə əldə etməliydi. Ancaq məlum olduğu kimi, “Zirə”ni məğlub edən komanda bazar günü “Səbail”ə uduzdu. Beləliklə, Zaur Axundov “Keşlə”nin turnir cədvəlinin 7-ci pilləsində qərarlaşmasını həzm etməyib. Sabah isə komanda “Qarabağ”la oyuna çıxacaq. Bakılılar plana uyğun olaraq, məşqlərini davam etdirir. Komanda dünənki bərpa məşqinə köməkçi-məşqçi Zaur İsmayılovun rəhbərliyi altında çıxıb. “Keşlə”ni “Qarabağ”la 7-ci turdan təxirə salınan görüşə də Zaur İsmayılov çıxaracaq. Ümumiyyətlə, məşqçilər korpusunda dəyişiklik olmayacaq. Başqa sözlə, İsmayılovla yanaşı, məşqçilər korpusunda Bəxtiyar Musayev, Aleksandr Krakliç və Camaləddin Əliyev təmsil olunacaq. Yeni məşqçinin kimliyinə isə həftə ərzində aydınlıq gəlməlidi. Namizədlər arasında Tərlan Əhmədovun adı çəkilsə də, rəhbərliyin yenidən üzünü ölkə xaricinə tutacağı istisna olunmur.
Beləliklə, Mladen Milinkoviç postunda cəmi 96 gün duruş gətirdi. İyulun 25-də rəsmən baş məşqçi kimi təqdim olunan serbiyalı oktyabrın 29-da klubdan ayrıldı. Avropa Liqasının birinci təsnifat mərhələsindəki uğursuzluqdan sonra Yuri Maksimovu istefaya göndərən “Keşlə”nin “sükanı arxasına” keçən Milinkoviç yalnız Topaz premyer-liqası oyunlarında iş başında ola bildi. Onun rəsmi debütü avqustun 12-də “Sabah”la ev oyununda gerçəkləşmişdi. “ASK Arena”dakı “siftə” uğursuz (0:1) alınmışdı. “Səbail”ə evdə 1:2 hesablı məğlubiyyətlə işini yekunlaşdıran Milinkoviç bu müddətdə “Keşlə”ni 8 oyuna çıxardı, 1 qələbə, 2 heç-heçə və 5 yenilgi ilə yadda qaldı. Bakılılar bu görüşlərdə rəqib qapısına 7 qol vurub, 12-ni buraxıb.
MİRAĞA