"Barselona" Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunda "Sabah"ı məğlub etdi - 4:1.
"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Təbii ki, bu cür oyunlar futbolçular üçün çətin olur. Birinci hissədə 70 faizlə topa sahib idik. Qoldan məmun qalmadım. Çox asan qol buraxdıq, ciddi səhv etdik. Nəticədə üç xal qazandıq. Bizim üçün vacib xallardı. İkinci hissədə daha intensiv oyun oldu. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq.
- Oyunçuların performansından razı qaldız?
- Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanların pis olduğunu düşünmürəm. Sadəcə, başqa futbolçulara da şans vermək istədik. Nəzarət bizdə idi. Məmnunuq.
- Aleks Baldenin durumu necədi? "Sabah"a qarşı oyunundan razı qaldız?
- Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Yaxşı oyun keçirdi. Bu matçda bir qədər az şans qazandı.
- Qabriel Xesusun "Sabah"a qarşı performansını necə dəyərləndirirsiz? Ona daha çox şans vermək istəyərdiz?
- Bu, asan deyil. Axı Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel məşqlərdə özünü yaxşı tərəfdən göstərir, oyuna köklənir. Həmişə matçlara müsbət yanaşır, Bakıya gələndə onunla danışdım. Söhbətimizin ona necə təsir göstərdiyini bilmirəm.
- Daha az oynayanlar "Sabah"a qarşı çətinlik çəkdilər?
- Əlbəttə, onlar üçün asan deyil. Çünki qarşılaşma çətin keçdi. Düşünürəm ki, az şans qazanmaqları onlara mənfi təsir göstərmədi. Hər birinin çıxışından razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, qollar vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam. Səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan qazanılmır.
- Çempionlar Liqasında ən uzun səyahətinizi gerçəkləşdirdiz. Proses necə keçdi? Təcrübənizi bölüşə bilərsiz?
- Açığı, çox gəzmək imkanımız olmadı. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandı. Burdakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil. Milli ilə gəlmişdim. İndi dördüncü səfərim baş tutdu. Səhv etmirəmsə, 17 yaşlı futbolçuların turniri üçün də Azərbaycana gəlmişdim. Məncə burda inkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir. "Sabah" dünyadakı ən yaxşı turnirdə - Çempionlar Liqasında oynayır. Baş məşqçi Valdas Dambrauskasın fəlsəfəsi aydındı. "Sabah" qəhrəmancasına çıxış etdi, gözəl anlar yaşadı. Bizə çətinlik yaratdılar. Üç xal üçün razıyam. "Sabah"a uğurlar arzulayıram. Həmişə inkişaf olması vacib amildi.
"Sabah" qəhrəmancasına çıxış etdi, gözəl anlar yaşadı" - Hans-Diter Flik
Avrokuboklar / Manşet





