Mauro İkardinin ''Qalatasaray''dan 4 milyon avroya bərabər olan imic haqqını ala bilmədiyinə görə kluba xəbərdarlıq məktubunu göndərdiyini xəbər vermişdik.
Fanatlar arasında böyük müzakirələrə səbəb olan bu məsələ artıq yoluna qoyulub. Bu məbləğin içinə menecerin tələb etdiyi komissiya haqqı da daxil idi. ''Sabah'' nəşrinin yazdığına inansaq, klubun vəkilləri ilə İkardinin vəkilləri arasında dünən baş tutan görüşdə tərəflər arasındakı anlaşmazlıq həll olunub.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin baş katibi Eray Yazqan son açıqlamasında bunları deyib:
''İkardinin bu məsələdən heç xəbəri də yox idi. Meneceri tərəfindən yaradılan süni bir problem idi. Biz bütün oyunçulara ödəmələri vaxtında edirik. Zatən martın 30-da UEFA-ya heç bir oyunçuya borcumuzun olmaması ilə bağlı rəsmi sənəd göndərəcəyik. Ödəmələr vaxtında edilməsə, bu sənədi göndərə bilərikmi? Bütün bu xəbərlər ''Qalatasaray'' və prezident Dursun Özbəkə psixoloji təzyiq göstərmək üçün bilərəkdən ortaya atılır. Gah Torreyranın ayrılacağı, gah Barış Alpər Yılmazın ayrılmaq istədiyi, gah Uğurcan Çakıra təklif gəldiyi iddia edilir. Bu transfer şayiələri ilə qəsdən bizi yormağa çalışırlar. Amma biz çempionluq yolunda əmin addımlarla irəliləyirik. Bu günə qədər Osimhenin 75 milyon avrosu da daxil olmaqla bütün borcları ödəmişik. 4 milyon avro bizim üçün bəxşiş puludu! Hər kəs kimin kimə nə qədər borcu olduğunu görəcək. Bu xəbərlərə etibar etməyin. Bunlar İkardini fanatların gözündən salmaq üçün qəsdən ortaya atılır''.