"Football-plus.az" xəbər verir ki, söhbət Lukas Torreyradan gedir. Braziliya klublarının uruqvaylı futbolçuya marağı artıb. Hətta Türkiyə mətbuatının yazdığına inansaq, Türkiyə çempionuna qısa müddət ərzində iki rəsmi təklif gəlib.
Təklif göndərən klublar ''Qremio'' ilə ''Atletiko Mineyro''du. Amma hər iki təklif 10 milyon avrodan az olduğundan İstanbul nəhənginin rəhbərliyi bunu heç müzakirə etməyə də ehtiyac görməyib. ''Cim-Bom'' aparıcı yarımmüdafiəçisinə görə ən azı 20 milyon avro tələb edir.
Bu arada Torreyranın meneceri Pablo Bentankurun son açıqlamasından belə başa düşmək olar ki, onun Türkiyədən ayrılması ehtimalı kifayət qədər yüksəkdi:
''Braziliyanın bir klubu Torreyraya onun Türkiyədə qazandığı qədər maaş təklif edə bilmək üçün dəridən-qabıqdan çıxır. Klublar arasında rəsmi səviyyədə mesajlaşmalar da olub. Bir müddət öncə İstanbulda idim. Lukas sanki bir qədər motivasiyasını itirib. Evinə daha yaxın olmaq istəyir. Çünki uzun illərdi uzaqlarda top qovur. Maddi baxımdan da heç bir problemi yoxdu''.
2022-dən ''Qalatasaray''ın şərəfini qoruyan 29 yaşlı Torreyra bu mövsüm 25 rəsmi oyunda iştirak edərək aktivinə 1 qol, 3 məhsuldar ötürmə yazıb.





