''Qalatasaray''ı bu gün Çempionlar Liqasında ''Ayaks''la oyun gözləyir.
"Football-plus.az" xəbər verir ki, liqa mərhələsinin 2-ci turunda ''Liverpul''u 1:0, 3-cü turunda ''Bude/Qlimt''i 3:1 məğlub edən Türkiyə çempionu Avropanın ən mötəbər klub turnirində 13 il öncəki uğurunu təkrarlamağa çalışacaq.
Belə ki, ''Cim-Bom''un ÇL-də ardıcıl 3 oyunda qalib gəlməsi faktı məhz 13 il öncə baş verib. İstanbul nəhəngi bu uğuru 2012/13-də Fatih Terimin başçılığı altında yaşamışdı. 2012-də komanda 7 noyabr - 5 dekabr aralığında ÇFR-i 3:1, ''Mançester Yunayted''i 1:0 və ''Braqa''nı 2:1 məğlub etmişdi. Qrupu 2-ci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanan və 1/8 finalda ''Şalke-04'' səddini aşan (evdə 1:1, səfərdə 3:2) həmin ''Qalatasaray''ın yolunu 1/4 finalda Joze Mourinyonun əzəmətli ''Real'' kəsmişdi.