Türkiyənin DÇ-2026-nın seçmə mərhələsində son ev matçının stadionu bəlli oldu

19.07.2025 04:28 24
Dünya futbolu
Türkiyə yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirəcəyi sonuncu ev matçının stadionu bəlli olub.

"Football-plus.az" xəbər verir ki, ''ay-ulduzlular'' noyabrın 15-də baş tutacaq bu qarşılaşmanı Bursada keçirəcək.

Qeyd edək ki, ''Yüzüncü il Atatürk Stadionu'' və ya sponsorluq anlaşması ilə ''Matlı Stadionu'' adlanan 43 min azarkeş tutumuna malik arena 2015-in dekabrında istifadəyə verilib. Türkiyə burda sonuncu dəfə 2023-cü ilin martın 28-də oyun keçirib. Həmin vaxt qardaş ölkənin komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Xorvatiyaya 0:2 hesabı ilə uduzmuşdu.

Ümumilikdə Türkiyə indiyə qədər Bursa şəhərində 6-sı özəl, 3-ü rəsmi olmaqla keçirdiyi 9 qarşılaşmadan 3 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə ayrılıb.

Türkiyə tarixinin bəzi yaddaqalan zəfərlərini bu şəhərdə əldə edib. Məsələn, DÇ-1998-in seçmə mərhələsində Niderland, eləcə də AÇ-2000-nin seçmə mərhələsində Almaniya üzərində qələbələr məhz Bursada əldə olunub.

Qeyd edək ki, Türkiyə DÇ-2026-nın seçmə mərhələsində digər ev oyunlarından sentyabrın 7-də İspaniyanı Konyada, oktyabrın 14-də isə Gürcüstanı Kocaelidə qəbul edəcək.