UEFA-nın Texniki Müşahidəçilər Qrupunun ümumi rəyinə əsasən, Avropa Liqasında (AL) 2024/25 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyada “Tottenhem”ın müdafiəçisi Kristian Romero qalib gəlib.
Mövsümün ilk yarısında uzun müddət zədəli olan argentinalı kapitan komandasının uğurunda meydana çıxdığı 7 oyunda dəqiq ötürmələr üzrə 91 faizlik, hücumu dəqiq başlamaq üzrə hər oyuna orta hesabla 9,2 dəfə, topu rəqibdən almaq üzrə isə hər oyuna orta hesabla 1,7-lik göstərici ilə rol oynayıb.
AL-də mövsümünün ən yaxşı gənc oyunçusu da müəyyənləşib. Bu nominasiyada isə “Lion”un yarımmüdafiəçisi Rayan Şerki qalib gəlib. Fransalı futbolçu mövsüm ərzində meydana çıxdığı 12 oyunda 4 qol vurub və oyundaşlarına 8 məhsuldar ötürmə verib. Rayan son göstəriciyə əsasən mövsümün ən yaxşı oyunçusu olub.
Mövsümün ən baxımlı qolunun müəllifi isə Yunus Akgün olub. “Qalatasaray”ın 24 yaşlı vingerinin “Tottenhem”lə oyunda (4:3) vurduğu qol azarkeşlər arasında keçirilən sorğuda daha çox səs toplayıb.