Bir neçə gün əvvəl “Ayaks”ın sabiq çalışdırıcısı Erik ten Haqı geri qaytarmağı planlaşdırması haqda iddia səslənmişdi. Lakin son xəbərlərə görə, o, Amsterdama qayıtmayacaq.
Xatırladaq ki, Ten Haq “Ayaks”ı 2017-22-ci illərdə çalışdırıb. Komanda onun rəhbərliyi altında ikisi Niderland çempionluğu olmaqla 6 kubok qazanıb. Amsterdam klubu Françesko Farioli ilə müddəti 2027-ci ilin yayına qədər olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Ancaq Ten Haqı geri qaytarmaq mümkün olmayacaq. Çünki o, “Bayer-04”ə baş məşqçilik etməyə yaxındı. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Bilindiyi kimi, Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso tezliklə “Real”a yollanacaq. “Bayer-04” rəhbərliyi onun yerinə Ten Haqı gətirmək niyyətindədi. Niderlandlı mütəxəssisin artıq leverkuzenlilərlə 2 illik müqavilə üzrə razılığa gəldiyi məlum olub. Ten Haq indi klubun yekun qərarını gözləyir.