İkinci oyun günü Fransada start götürdü.
Mövsümün sürprizlərindən olan “Lill” səfərdəki heç-heçədən sonra mərhələni adlamaq şansını yetərincə artırmışdı. Üstəlik “şimallı itlər” qapıçı Kobelin kobud səhvindən sonra artıq 5-ci dəqiqədə hesabda önə keçdilər. Amma tədricən özünə gələn və ÇL-in son finalçısı olduğunu xatırlayan “Borussiya” xarakter nümayiş etdirdi. Niko Kovaçın komandası hələ fasiləyə qədər bir neçə gözəl fürsət yaratsa da, özünə lazım olan qolları yalnız 2-ci hissədə vura bildi. Komandanın əsas qol silahı Girassi fərqlənə bilməsə də, hər iki qolda yaxından iştirak etdi. Əvvəlcə məhz ona qarşı kobudluğa görə təyin olunan penaltini Əmrə Can dəqiq yerinə yetirdi. Çox keçmədən Girassinin ötürməsindən sonra Bayer topu uzaq “9-luğ”a sancaraq ÇL-də ilk qolunu vurdu. “Borussiya” çətinliklə də olsa, mərhələni adlayaraq “Barselona”nın rəqibi oldu.
İngiltərədə keçirilən hər iki qarşılaşmada intriqa, demək olar, yox idi. “Arsenal”ın səfərdəki şoudan sonra mərhələ adlayacağı şübhə doğurmurdu. Nüfuzunu qorumaq üçün meydana çıxan PSV iki dəfə hesabda geri düşdüyü qarşılaşmada məğlubiyyətdən qurtulmağı bacardı. Niderland çempionunu ən azı buna görə alqışlamaq olar. “Villa Park”dakı oyunda isə intriqa yalnız bir halda – “Brügge” hesabı açacağı təqdirdə bərpa oluna bilərdi. Amma Belçika çempionu erkən qol vurmaq əvəzinə erkən qırmızı vərəqə alaraq işini daha da qəlziləşdirdi. Cinah müdafiəçisi Sabbe “son ümid folu”na görə 17-ci dəqiqədə meydandan qovuldu. “Brügge” bu şərtlər altında rəqibə yalnız bir hissə müqavimət göstərə bildi. “Aston Villa”ya transfer olunandan sonra yenidən adından söz etdirməyə başlayan “Real”ın sabiq və unudulmuş ulduzu Asensio 11 dəqiqəyə dubl etməklə qəhrəmana çevrildi. Beləliklə, Emerinin komandası bir baş üstün olduğu dueldə hər iki oyunda 3 qol vuraraq asanlıqla növbəti mərhələyə yüksəldi və PSJ-nin rəqibi oldu.
Günün şah oyunu Madrid derbisi oldu. Bu mövsüm böyük oyunlarda ümidləri doğrultmaqda çətinlik çəkən “Real”ın prinsipial rəqiblə səfər matçında necə təsir bağışlayacağı maraqla gözlənilirdi. Oyun “kral klubu” üçün kabus kimi başladı. Artıq 27-ci saniyədə Qallaher sağ cinahdan qurulan hücum zamanı önünə düşən topu yaxın məsafədən tora göndərməklə yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı. Bu, “Atletiko”nun ÇL-də vurduğu ən erkən qol kimi tarixə düşdü. Amma “Real”ın ÇL-də bundan da erkən buraxdığı qol olub. “Real” topa nəzarətdə 60 faizlik üstünlüyə malik olsa da, ciddi fürsət yarada bilmirdi. Çünki belə vəziyyətlərdə özünü suda balıq kimi hiss edən və əla müdafiə olunmağı bacaran “Atletiko” rəqibə boş zona vermirdi. Meydan sahibləri əks-hücumlarda tez-tez Kurtuanı oyuna qoşulmağa məcbur edirdilər. Fasilədən sonra oyunun ssenarisi dəyişmədi.
Ançelottinin komandası, nəhayət, 2-ci hissənin ortalarında əks-hücumda ilk dəfə rəqib müdafisəində boşluq yaxaladı. Mbappe iki rəqibdən sıyrılandan sonra zərbə vurmaq üzrə olarkən kobudluğa məruz qaldı və şübhə doğurmayan penalti qazandı. Amma Vinisius topu tora yox, qapının çox üstündən tribunalara göndərdi. Sanki onun məqsədi qol vurmaq yox, oyunboyu ünvanına pis sözlər qışqıran azarkeşlərdən birini topla vurmaq idi. Hesab dəyişmədiyindən və ümumi hesab bərabər olduğundan əlavə vaxta ehtiyac duyuldu. “Atletiko”nun artıq yavaş-yavaş yorulmağa başladığı hiss olunurdu. “Real”ın isə topa sahibolmada üstünlüyü 70 faizə yüksəlsə də, komanda heç 1 xG (qol fürsəti) də yaxalaya bilmədi! Nəticədə bu dramatik gecədə hər şey penalti seriyasında həll olundu və burda da dramatik an yaşandı. Alvaresin zərbəsi qolla nəticələnsə də, işə VAR qarışdı. Çünki argentinalı zərbə zamanı cüzi də olsa, topa digər ayağı ilə də toxundu. Bu üzdən qol sayılmadı! Oblak “Atletiko”ya daha bir ümid verərək Vaskesin zərbəsini dəf etdi. Amma meydan sahiblərinin son ümidini topu tirə vuran Lyorente “dəfn etdi”. Rüdiger ötən mövsüm “Mançester Siti” ilə dueldə olduğu kimi, yenə həlledici zərbəni vurmaq öhdəliyini üzərinə götürdü və “Real”ı 1/4 finala daşıdı. Madrid nəhəngini bu mərhələdə “Arsenal”la oyunlar gözləyir.
Lill – Borussiya D 1:2 (1:0)
Lill (Fransa): Şevalye, Menye, Diakite, Ribeyro, İsmaili (Qudmundsson, 67), Buaddi (Fernandes, 64), Mukau (Qomes, 83), Andre, Kabella (Akpom, 67), Haraldsson (Sahraui, 83), Devid.
Borussiya (Dortmund, Almaniya): Kobel, Anton (Bensebayni, 72), Can, Şlotterbek, Ryuyerson, Qross (Salih Özcan, 85), Zabitser, Adeyemi (Gittens, 79), Brandt (Çukvuemeka, 85), Bayer (Reyna, 85), Girassi.
Qollar: Devid, 5 (1:0). Can, 54-p. (1:1). Bayer, 65 (1:2).
Vərəqələr: Anton, 32. Qross, 51. Menye, 52. Mukau, 83 – sarı.
Hakim: Sandro Şerer (İsveçrə).
12 mart. Lill. 48042 tamaşaçı.
İlk oyun – 1:1.
Atletiko – Real 1:0 (1:0, 0:0, 0:0), p. - 2:4
Atletiko (Madrid, İspaniya): Oblak, M.Lyorente, Ximenes, Lanqle (Le Norman, 91), Reynildo (Aspilikueta, 98), Barrios, De Paul (Molina, 90), Simeone (Korrea, 89), Qallaher (Lino, 85), Qrizmann (Sörlot, 89), Alvares.
Real (Madrid, İspaniya): Kurtua, Valverde, R.Asensio, Rüdiger, Mendi (Qarsiya, 83), Modriç (Vaskes, 65), Çuameni (Kamavinqa, 65), Rodriqo (Dias, 79), Bellingem, Vinisius (Endrik, 115), Mbappe.
Qol: Qallaher, 1.
Vinisius 70-ci dəqiqədə penaltidən yararlana bilməyib (yan).
Vərəqələr: Çuameni, 39. Vinisius, 59. Simeone, 66. Lanqle, 68. Aspilikueta, 114. M.Lyorente, 115. Vaskes, 115 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
12 mart. Madrid. 69304 tamaşaçı.
İlk oyun – 1:2.
Arsenal – PSV 2:2 (2:1)
Arsenal (London, İngiltərə): Raya, Uayt (Timber, 79), Kivyor, Qabriel, Lüis-Skelli, Jorjinyo, Zinçenko (Edeqor, 79), Rays (Kalafyori, 64), Sterlinq, Tirni (Martinelli, 79), Merino (Trossar, 64).
PSV (Eyndhoven, Niderland): Benites, Ledesma, Naqalo (Flaminqo, 77), Obispo (Boskalyi, 69), Malasia, Til, Babadi, Shouten (Veerman, 46), Bakayoko, Drioş (Bayraktareviç, 80), Perişiç (De Yonq, 68).
Qollar: Zinçenko, 6 (1:0). Perişiç, 18 (1:1). Rays, 37 (2:1). Drioş, 70 (2:2).
Vərəqələr: Babadi, 34. Kivior, 42. Rays, 63. Sterlinq, 90+3 – sarı.
Hakim: Rade Obrenoviç (Sloveniya).
12 mart. London. 59410 tamaşaçı.
İlk oyun – 7:1
Aston Villa – Brügge 3:0 (0:0)
Aston Villa (Birmingem, İngiltərə): Martines, Keş (Disasi, 73), Konsa, Minqs (Torres, 66), Maatsen, Tilemans, Kamara (Beyli, 46), Rocers (Remsi, 66), Makqinn, Reşford, Uotkins (M.Asensio, 46).
Brügge (Belçika): Minyole, Sabbe, Ordonye (Romero, 58), Mexele, De Kuyper, Onyedika, Yaşari (Nilsen, 58), Talbi (Skuras, 58), Vanaken, Tsolis (Sike, 66), Xutqla (Nilsson, 58).
Qollar: M.Asensio, 50 (1:0). Maatsen, 57 (2:0). Asensio, 61 (3:0).
Vərəqələr: Vanaken, 70 – sarı. Sabbe, 17 – qırmızı.
Hakim: Daniel Zibert (Almaniya).
12 mart. Birmingem. 42461 tamaşaçı.
İlk oyun – 3:1.
Bombardirlər: Rafinya (Barselona) – 11, Girassi (Borussiya D), Keyn (Bavariya) – 10, Levandovski (Barselona) – 9.
Faktlar
* “Real” ardıcıl 5-ci, ümumulikdə 40-cı dəfə ÇK-ÇL-də 1/4 finala yüksəldi və turnirin tarixində bunu bacaran ilk komanda oldu. “Bavariya” 34, “Barselona” 24 dəfə 1/4-ə yüksəlib.
* Oyunsonrası penalti seriyasını nəzər almasaq, Vinisius “Real” karyerasında ilk dəfə penalti qaçırdı! Buna qədər o, 8 penaltinin hamısını dəqiq yerinə yetirmişdi.
* “Real” ÇK/ÇL-də 4-cü dəfə oyunsonrası penalti seriyasına qalib gəldi. Bu, turnirin tarixinin yeni rekordudu!
* “Real” “Atletiko”ya qarşı ÇK/ÇL-də ev səfər prinsipi ilə keçirilən 4 pley-offun hamısından qalib ayrılıb. Bundan başqa, “Real” tarixi ərzində “Atletiko”ya qarşı keçirdiyi 6 oyunsonrası penalti seriyasının hamısında qalib gəlib!
* Qallaher Madrid derbisində qol vuran ilk ingiltərəli futbolçu kimi tarixə düşdü! Bundan başqa, Qallaher ÇL tarixində 1-ci dəqiqədə qol vuran ilk ingiltərəli futbolçu oldu.
* Dortmund “Borussiya” tarixində 8-ci dəfə avrokubokların pley-offuna evdə heç-heçə etməklə başladı və cəmi 2-ci dəfə mərhələni adladı. İlk belə hal 1993/94-də UEFA kubokunun 1-ci mərhələsində “Alaniya” ilə dueldə yaşanmışdı (evdə 0:0, səfərdə 1:0).
* Niko Kovaç baş məşqçi kimi ÇL-də keçirdiyi 8-ci səfər oyununda da məğlub olmadı (6 qələbə, 2 heç-heçə). Turnirin tarixində yalnız 3 məşqçinin bundan daha yaxşı seriyası var. Van Qal ilk 14, Qvardiola ilə Ten Haq isə ilk 11 səfər qarşılaşmasında məğlubiyyət acısı yaşamamışdı.
* Qvineyalı Girassi bu mövsüm ÇL-də artıq 14 qolun vurulmasında yaxından iştirak edib (10 qol, 4 məhsuldar ötürmə). Bununla da o, afrikalı futbolçular arasında rekord göstəricini təkrarlayıb. Daha öncə bu göstəriciyə yalnız “Liverpul”un misirli ulduzu Salah nail olub (2017/18).
* “Arsenal” ÇL-in pley-offunda iki oyunun nəticəsinə görə ən azı 9 qol vuran 2-ci İngiltərə təmsilçisi oldu. “Mançester Siti” 2018/19-un 1/8 finalında “Şalke-04”ə 10 qol vurmuşdu.
Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: