Türkiyə təmsilçiləri üçün yeni ilin ilk avrokubok həftəsi pis alınmadı. Hər halda, üç nəhəngdən heç biri uduzmadı. Hərçənd nəticə bundan da yaxşı ola bilərdi...
“Cim-Bom” tura sonuncu pillədə daxil olan, bütün oyunlarda uduzan və pley-off şansını itirən Kiyev “Dinamo”sunu qəbul etdi. Ukraynadakı məlum hadisələr üzündən əvvəlki gücündən çox uzaq olan “Dinamo” ilk 21 dəqiqədə 2 qol buraxandan sonra “ağ bayraq qaldıracağını” düşünmək olardı. Amma Türkiyə çempionu bu mövsüm tək özü oynamır, həm də rəqiblərə oynamaq imkanı verir. Vanat fasilə ərəfəsində qollardan birinin əvəzini çıxsa da, Osimhen 2-ci hissənin əvvəlində penaltidən fərqlənərək yenə fərqi iki topa çatdırdı. Amma oyunu soyutmaq, tempi aşağı salmaq, topu özündə saxlamaq kimi terminlər Okan Burukun komandasına yad olduğu üçün “Cim-Bom” sanki hesabda geridəymiş kimi irəli atılmaqda davam etdi. “Dinamo” bu rəqiblə oynamağın mümkünlüyü görərək qalan vaxtda daha iki qol vurdu. Fasilədən sonra meydana çıxan Ukrayna futbolunun veteranı Yarmolenko dubl etməklə yerli fanatları şoka saldı. Onlar o qədər məyus oldular ki, hətta final fitindən sonra Muslera kimi əfsanəni də fitə basdılar. Buna qədər AL-də 6 oyuna 1 top vuran “Dinamo” İstanbulda 37 dəqiqəyə 3 qol vurdu! Məğlubiyyətsiz seriyanın davam etməsinə baxmayaraq, “8-liy”i tərk edən “Qalatasaray” birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün son turda mütləq səfərdə “Ayaks”ı yenməlidi.
Çərşənbə günü “Beşiktaş” “Atletik”i qəbul etdi. Qaranlıq bir dönəmdən çıxmaq istəyən “Qartal”ın Sulşerin debütündə necə təsir bağışlayacağı maraq doğururdui. “Atletik” ötən ay da İstanbula səfər etmiş və “Fənərbaxça”nı 2:0 hesabı ilə yenmişdi. Görünür, həm bu məqamı, həm də komandasının turnir cədvəli baxımından rahat durumda olmasını nəzərə alan Ernesto Valverde rotasiyaya əl atmışdı. La Liqanın son oyunu ilə müqayisədə heyətdə 7 dəyişiklik edilmişdi. Amma bu məqam qətiyyən “Beşiktaş”ın parlaq qələbəsinə kölgə salmamalıdı. “Ağ-qaralar” xüsusilə 2-ci hissədə iddialı rəqibi meydandan silib-süpürdülər. Debütü nağıllardakı kimi alınan Sulşerin sanki əlində sehirli bir dəyənək var idi. Amma pley-offa vəsiqə hələ də təmin olunmayıb. Bunun üçün son turda səfərdə “Tvente”ni yenmək tələb olunur. Digər oyunların nəticələrindən asılı olaraq “Beşiktaş”ı heç-heçə də qane edə bilər. “Lion”u qəbul edən “Fənərbaxça” isə AL-də ardıcıl ikinci ev oyununda qola həsrət qaldı. Amma “Atletik”lə oyundan fərqli komanda bu dəfə heç olmasa, uduzmadı. Joze Mourinyonun belə rəqibə qarşı start heyətində 18 yaşlı müdafiəçi Yusuf Akçiçəkə şans verməsi diqqəti çəkdi. İstedadlı futbolçu oyunu ilə alqış qazandı.
“Fənər”in də durumu “Beşiktaş”la eynidi. Hər iki komandanın hesabında 9 xal var. “Sarı-lacivərdlilər”i son turda Danimarkada “Midtüllann” ilə çətin oyun gözləyir. Üstəlik Osayi-Samuel ilə Amrabat cəzalı duruma düşüb. “Fənər” pley-offa vəsiqə qazanmaq üçün ən azı uduzmamalıdı.
Avropa Liqası, əsas mərhələ, 7-ci tur
Qalatasaray – Dinamo K (Ukrayna) 3:3
Sançes, 6. Əbdülkərim Bardakcı, 21. Osimhen, 53-p. – Vanat, 44. Yarmolenko, 68; 81.
Qalatasaray: Muslera, Kaan Ayhan (Batşuayi, 86), Əbdülkərim Bardakcı, Sançes, Yakobs, Berkan Kutlu (Kərəm Dəmirbay, 73), Torreyra, Yunus Akgün, Mertens (Yusuf Dəmir, 90+1), Barış Alpər Yılmaz (Yelert, 86), Osimhen.
Fənərbaxça – Lion (Fransa) 0:0
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel, Ciku, Çağlar Söyüncü, Yusuf Akçiçək, Şimanski, Fred, Amrabat, İrfan Can Kahveci (Sen Maksimen, 59), Tadiç (Cengiz Ündər, 82), Ən-Nəsiri (Ceko, 72).
Beşiktaş – Atletik (İspaniya) 4:1
Raşitsa, 17; 60. Rafa Silva, 77. Mario, 90+2-p. – Unay Qomes, 45.
Beşiktaş: Mərt Günok, Svensson, Əmirhan Topçu, Uduoxay, Masuaku (Zaynutdinov, 69), Əl Musrati, Fernandeş, Raşitsa (Mario, 79), Rafa Silva (Ndur, 87), Muçi (Onur Bulut, 87), İmmobile (Semih Kılıçsoy, 69).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 325-ci oyundan 88-ci dəfə bərabərliklə ayrıldı (116 qələbə, 121 məğlubiyyət, top fərqi – 447:490)
* “Qalatasaray”ın məğlubiyyətsiz seriyası 25 rəsmi oyuna yüksəldi (17 heç-heçə, 8 məğlubiyyət).
* “Qalatasaray” 7 turdan sonra 18 qolla AL-in ən məhsuldar komandası statusundadı!
* “Qalatasaray” ardıcıl 11-ci rəsmi oyunda qapısını toxunuımaz saxlaya bilmədi. Komanda bu mövsüm keçirdiyi 30 qarşılaşmanın cəmi 4-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 47 qol buraxıb.
* “Qalatasaray” 7 turdan sonra 14 qol buraxıb və ilk “24-lük”də “Beşiktaş”la birlikdə ən çox qol buraxan komandadı.
* “Qalatasaray”ın mərkəz müdafiəçiləri Devinson Sançes ilə Əbdülkərim Bardakcı bu mövsüm 3-cü dəfə eyni oyunda fərqlənməyi bacardı. Onlar daha öncə superliqada “Çaykur Rizəspor” və kubokda “İstanbul BŞ” ilə oyunlarda fərqlənmişdilər.
* Mertens AL-də 70-ci oyununu keçirdi. Bununla da o, Rui Patrisionu (69) geridə qoyaraq bu turnirdə ən çox oyun keçirən futbolçuya çevrildi! Turnirin “UEFA kuboku” adlandığı dönəm bu statistikaya aid deyil.
* “Qalatasaray” avrokuboklarda Ukrayna klublarına qarşı keçirdiyi 4-cü oyunda da qələbəyə həsrət qaldı (3 heç-heçə, 1 məğlubiyyət).
* Kiyev “Dinamo”su Türkiyə təmsilçilərinə qarşı keçirdiyi 27-ci oyunda 20-ci dəfə uduzmadı (13 qələbə, 7 heç-heçə).
* “Fənərbaxça” avrokuboklarda 281-ci oyundan 59-cu bərabərliklə ayrıldı (111 qələbə, 111 məğlubiyyət, top fərqi - 381:400).
* “Fənərbaxça” bu mövsüm 11-ci avrokubok oyununda ilk dəfə qapısını toxunulmaz saxladı!
* “Fənərbaxça” tarixi ərzində “Lion”a qarşı keçirdiyi 5-ci avrokubok matçında ilk dəfə uduzmadı. Bu komandaların yolu daha öncə 2001/02 və 2004/05-də ÇL-in qrup mərhələsində kəsişmişdi. Həmin vaxt “Lion” 4 matçın hamısından qələbə ilə ayrılmışdı.
* “Fənərbaxça” Fransa təmsilçilərinə qarşı 22-ci oyundan 7-ci bərabərliklə ayrıldı (4 qələbə, 11 məğlubiyyət).
* “Lion” isə Türkiyə klublarına qarşı 14-cü oyununu keçirdi (6 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət). “Lion” bu mövsüm 3-cü turda evdə İstanbulun digər təmsilçisi “Beşiktaş”la da qarşılaşmış və minimal hesabla uduzmuşdu.
* “Beşiktaş” avrokuboklarda 251-ci oyununu keçirdi və 95-ci qələbəsini qazandı (49 heç-heçə, 107 məğlubiyyət, top fərqi – 338:383).
* “Beşiktaş” İspaniya təmsilçilərinə qarşı keçirdiyi 17-ci avrokubok matçında cəmi 4-cü qələbəsini qazandı (3 heç-heçə, 10 məğlubiyyət).
* “Beşiktaş” “Atletik”ə qarşı 4-cü avrokubok oyununda 2-ci dəfə qalib gəldi (2 məğlubiyyət). Bu komandaların yolu sonuncu dəfə 2004/05-də UEFA kubokunun qrup mərhələsində kəsişmişdi. Həmin vaxt “Qartal” İstanbulda 3:1 hesabı ilə üstün olmuşdu.
* “Beşiktaş” “Atletik”ə şəxsi rekordunu yaxşılaşdırmağa imkan vermədi. Belə ki, Bilbao təmsilçisi tarixində ilk dəfə avrokuboklarda 6 oyunluq qələbə seriyası yaxalaya bilərdi.
* Sulşer məşqçi kimi avrokuboklarda 68-ci oyunda 35-ci qələbəyə sevindi (11 heç-heçə, 22 məğlubiyyət).
* Mərt Günok “Beşiktaş”ın heyətində yubiley – 100-cü rəsmi oyununu keçirdi. Təcrübəli qapıçı bu oyunların 33-də qapısını toxunulmaz saxlayıb və ümumilikdə 116 qol buraxıb.
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “