Şamaxıda hesab açıldı - YENİLƏNİR

16.10.2026 15:05 72
Ölkə futbolu / Manşet
“Sabah”ın çərşənbə axşamı Çempionlar Liqasında “Slaviya”nı məğlub etməsi ölkə futbolunda bayram ab-havası yaratdı. Ancaq elə həmin “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın müsahibələrindən birində dediyi kimi, premyer-liqanı diqqətdən kənarda saxlamaq olmaz. Ona görə ki, avrokuboklara vəsiqə məhz bu çempionat sayəsində qazanılır. Deməli bu gün start götürəcək 8-ci tur matçlarından bəhs etməyin vaxtıdı.

Xatırladaq ki, üç gün ərzində keçiriləcək qarşılaşmalar “CBC Sport”un efirində canlı yayınlanacaq.

16 oktyabr
Şamaxı – Şəfa 0:1

Elnur Cəfərov, 5
“Şamaxı” indiyə qədər bu rəqiblə evdə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.
VAR hakimi: Elvin Bayramov.
VAR hakiminin köməkçisi: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı, şəhər stadionu. Saat 15.00.

Mövsümə Azər Bağırovun rəhbərliyi altında start verən “Şamaxı” ümidləri artıqlamasıyla doğruldur. Məhdud büdcə ilə premyer-liqada qalmaq uğrunda mübarizə aparan komanda son 6 matçda uduzmayıb. “Şirlər” “doğma divarlar” arasında pis sürprizlə üzləşməsə, seriyanın ömrü uzanacaq. Ona görə ki, “Şəfa” elita klublarının yarışına uyğunlaşmaqda çətinlik çəkir. Düzdü, debütantın xarüqələr yaratmaq ehtimalı az idi. Ancaq 7 matçda cəmi 3 xal toplayan, bu səbəbdən autsayderlər qrupunda qərarlaşan bakılılar hələ parlaq gələcək vəd etmir. Odu ki, “Şamaxı” fürsətdən yararlanmalı, hədəfə çatmaq yolunda daha bir inamlı addım atmalıdı. Qonaqların isə tilsimi qırmaqdan başqa çarəsi yoxdu. Əks halda, durum lap acınacaqlı olacaq.

Sumqayıt – Araz-Naxçıvan
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+4=1-1, 8:4.
2023/24 – 2:0, 1:0; 2024/25 – 0:1, 0:0; 2025/26 – 3:2, 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-35-25.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.
VAR hakimi: Əkbər Əhmədov.
VAR hakiminin köməkçisi: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Sumqayıt, “SOCAR Polymer Arena”. Saat 19.00.

“Sumqayıt” milli komandaların oyunları ilə bağlı fasilədən fırtına kimi qayıtdı. Evdə “Qəbələ”ni darmadağın edən “kimyaçılar” indi daha bir sınaqdan üzüağ çıxmağa çalışacaqlar. Bu oyun həm də həmin qələbənin təsadüf olub-olmadığını ortaya qoyacaq. İş ondadı ki, “Araz-Naxçıvan” Yuri Maksimovun baş məşqçi postuna təyinatından sonra da uğurun formulunu tapa bilmir. Bu baxımdan, meydan sahiblərini şanslı saya bilərik. Sadəcə, “qırmızı-ağlar” da klubun taleyi üçün böyüyən təhlükənin fərqini varmalı, ilk iş kimi səfərdən azı bir xalla qayıtmalıdılar. Yoxsa nəinki avrokuboklara vəsiqə qazanmaq, premyer-liqada qalmaq belə naxçıvanlılar üçün əlçatmaz xəyala çevriləcək.

Bu komandalar indiyə qədər 11 dəfə qarşılaşıb. Tərəflər həmin matçlarda hərəyə 4 qələbə qazanıb, 3 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində də bərabərlik var – 10:10.

17 oktyabr
Qəbələ – Sabah

“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 12:+4=3-5, 12:16.
2018/19 – 2:1, 0:0; 2019/20 – 1:2; 2020/21 – 2:1, 2:2; 2021/22 – 1:3, 1:1; 2022/23 – 0:2, 0:3; 2023/24 – 1:0, 2:0; 2025/26 – 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 20-30-50.
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Rahil Ramazanov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ, şəhər stadionu. Saat 16.00.

“Qəbələ” də işləri yolunda getməyən komandalardandı. Ötən mövsüm müsbət nəticələr olmasa da, yaxşı performans sərgiləyən “qırmızı-qaralar” cari “futbol ili”ndə həmin özəlliyindən də məhrum olub. Baş məşqçi dəyişikliyindən – Kaxaber Sxadadzenin Yeton Bekiri ilə əvəzlənməsindən gözlənilən fayda da hələ alınmayıb. Etiraf edək ki, bölgə təmsilçisinin uğurlu nəticələrə imza atmaq üçün hələ daha çox zamana ehtiyacı var. Çünki “Sabah” “Qəbələ” ilə oyunda xal itirməyi ağlına belə gətirmir. Hələ mövsümdə məğlubiyyət acısı yaşamayan “bayquşlar” liderlik uğrunda mübarizədə “Qarabağ” və “Neftçi”dən geri qalmamaq üçün səfərdən mütləq qələbə ilə qayıtmağa çalışacaqlar.

Bu komandalar indiyə qədər 26 dəfə qarşılaşıb. Bunların 7-də “Qəbələ”, 16-da “Sabah” qalib gəlib, 3-də “sülh” qeydə alınıb. Topların nisbətində “bayquşlar” öndədi - 47:23.

Qarabağ – Neftçi
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 50:+25=15-10, 71:40.
1992/93 - 2:1; 1993/94 - 1:0; 1994/95 - 0:0; 1995/96 - 1:1, 1:2*, 1996/97 - 2:1; 1997/98 - 1:0; 1998/99 - 1:0, 1:0; 200/01 - 1:1; 2000/01 - 0:4; 2002/03 - 1:0; 2003/04 - 1:3; 2004/05 - 2:1; 2005/06 - 2:2; 2006/07 - 0:2; 2007/08 - 0:0; 2008/09 - 1:1; 2009/10 - 1:0, 2:0; 2010/11 - 0:1, 3:0; 2011/12 - 1:2, 0:0; 2012/13 - 1:0, 1:2; 2013/14 - 3:1, 1:1; 2014/15 - 0:0, 3:2; 2015/16 - 1:1, 2:0; 2016/17 - 3:0, 1:1; 2017/18 - 1:0, 0:1; 2018/19 - 1:1, 1:1; 2019/20 - 2:0, 0:0; 2020/21 - 1:2, 1:2; 2021/22- 4:0, 4:1; 2022/23 - 3:1, 1:1; 2023/24 – 2:0; 2024/25 – 4:0, 3:0; 2025/26 – 2:0.
* - neytral meydanda keçirilib.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 45-15-40.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.00.

Sabah son mövsümlərin ən maraqlı Azərbaycan derbisinə şahidlik edəcəyik desək, yanılmarıq. Ona görə ki, uzun müddətdən sonra ilk dəfə “Neftçi” meydana “Qarabağ”dan öndə çıxır. Üstəlik, həm Qurban Qurbanovun, həm də Yuri Vernidubun komandası hələ premyer-liqada uduzmayıb və eyni sayda xal toplayıblar. Hələ onu demirik ki, bu dəfə “Qarabağ”ın aşkar favorit olduğunu demək sadəlövhlük olar. Kəsəsi, sabah sözün əsl mənasında futbolsevərlərin həsrətini çəkdiyi Azərbaycan derbisi keçiriləcək. Əlbəttə, həm “dogma divarlar” amili, azarkeşlər, həm də statistika “köhlən atlar”ın tərəfindədi. Ancaq “ağ-qaralar” bu dəfə daha güclü, daha inamlı və daha hazırlıqlıdı. Necə deyərlər, güclü qazansın!

Komandalar indiyə qədər 102 dəfə üz-üzə gəlib. Bunların 47-də “Qarabağ”, 24-də “Neftçi” qələbə qazanıb, 31-də hərəyə bir xal düşüb. Topların nisbətində ağdamlılar öndədi – 148:87.

18 oktyabr
Turan Tovuz – İmişli

“Turan Tovuz”un bu rəqiblə ev oyununun balansı: 1:+0=1-0, 0:0.
2025/26 – 0:0.
Cəzalı: Juninyo (İmişli).
“Futbol+”in proqnozu: 45-35-20.
Hakimlər: NİCAT İSMAYILLI, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax, şəhər stadionu. Saat 15.00.

Əslində bu matç Tovuzda keçirilməliydi. Ancaq bu şəhərdə “Turan” voleybol komandasının Çempionlar Liqası matçının olması “bozqurd”un ev oyununun yerinin dəyişdirilməsinə gətirib çıxardı. Hər halda, “bozqurd” 4-cü pillədə möhkəmlənməkdə davam edir. Komanda sabit çıxış qrafikini ı qoruya bilsə, avrokuboklara vəsiqə qazanmaq hədəfinə böyük ölçüdə yaxınlaşacaq. Baş məşqçi Fərid Namazovla yolları ayıran “İmişli” isə azarkeşlərini üzməklə məşğuldu. “Pələnglər” srağagün baş məşqçinin səlahiyyətlərinin müvəqqəti icrasının köməkçi məşqçi Ervins Perkonsa həvalə olunduğunu açıqlayıb. Ancaq Aran təmsilçisinin belə şəraitdə “Turan Tovuz”dan xal qoparması çətin görünür.

Bu komandalar indiyə qədər 3 dəfə qarşılaşıb. Həmin matçlardan 1-də “bozqurd” qalib gəlib, 2-də “sülh” qeydə alınıb. Topların nisbətində tovuzlular öndədi – 2:1.

Kəpəz – Zirə
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 13:+3=4-6, 8:15.
2015/16 – 1:1, 2:0; 2016/17 – 2:0, 1:0; 2017/18 – 0:3, 0:0; 2022/23 – 1:2, 1:1; 2023/24 – 0:0, 0:1; 2024/25 – 0:4, 0:1; 2025/26 – 0:2.
Cəzalı: Rikardo Martins (Zirə).
Hakimlər: EMİN ƏLİYEV, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə, şəhər stadionu. Saat 18.30.

“Kəpəz” də yeni mövsümdə xoş sözlərə layiqdi. Yenilənmiş Gəncə şəhər stadionu və heyət Azər Məmmədovun qayıdışı ilə birlikdə “sarı-göylər”ə düşərli olub. Əlbəttə, bunda hər ev matçında təxminən 15 min azarkeşin tribunalardan göstərdiyi dəstəyin də əvəzsiz rolu var. Buna rəğmən, “Zirə” maneələri aşmalı, çətin səfər matçında qələbə qazanmaq haqda düşünməlidi. Çünki Rəşad Sadıqov artıq komandasının avrokuboklara vəsiqə uğrunda mübarizə apardığını açıqlayıb və “Turan Tovuz”un 4-cü sırada möhkənməsi “qartallar” üçün ciddi təhlükədi. Odu ki, son 4 matçda qələbəyə həsrət qalan qəsəbə təmsilçisi uğursuz seriyaya son verməlidi.

Bu komandalar indiyə qədər 27 dəfə qarşılaşıb. Həmin oyunların 3-də “Kəpəz”, 15-də “Zirə” qalib gəlib, 9-da hərəyə bir xal düşüb. Topların nisbətində “qartallar” öndədi – 45:19.

Bu komandaların duelləri ilə bağlı maraqlı məqamlar
// “Araz-Naxçıvan” son 4 matçda qol vurub. “Sumqayıt” evdəki son 2 qarşılaşmada qələbə qazanıb.
// Son 3 oyunda “Sabah” qalib gəlib. “Qəbələ”nin meydanındakı son 5 qarşılaşmada qol vuran komanda qələbə qazanıb.
// “Qarabağ” son 19 görüşdə qol vurub. “Neftçi” son 5 səfərdən qolsuz və xalsız ayrılıb.
// “İmişli” qələbə qazanmayıb. “Turan Tovuz”un ev matçında qol vurulmayıb.
// “Kəpəz” 19 oyundu qələbə qazanmır. “Zirə” son 9 görüşdə qol vurub.

KƏNAN BAHADIR