“Hər iki komandanın futbolçuları məğlub olmağa layiq deyildilər” - Qurban Qurbanov

17.10.2026 21:44 63
Ölkə futbolu / Manşet
3:3 hesabı ilə bitən ölkə derbisindən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.

– Hər iki komandanı təbrik edirəm. Belə gözəl oyun nümayiş etdirdilər. Azarkeşlər üçün maraqlı qarşılaşma oldu. Hər iki komandanın futbolçuları məğlub olmağa layiq deyildilər. Düşünürəm ki, çempionatın ən maraqlı oyunlarından biri oldu.

– “Qarabağ” hələ də uyğunlaşma prosesini tam başa çatdırmayıb, yoxsa “Neftçi” çox güclənib?
– Qarşımızda çox güclü komanda var idi. Rəqib bizə öz oyunumuzu oynamağa imkan vermirdi. Futbolçularım səbirli oldular, sona qədər mübarizə apardılar. Sonda yaxşı nəticə əldə etdik. Hələ tam hazır deyilik. Bəzi futbolçularımız uyğunlaşma prosesini başa çatdırmayıb. Zədəsi olan oyunçularımız da var. Məşq prosesində fərqliliklər mövcuddu. Əvvəlki oyunlarda da çatışmazlıqlarımız var idi. Futbolçular verilən tapşırıqları yerinə yetirməyə çalışırlar. Daha güclü olmağa borcluyuq. Qarşıdakı günlərdə daha yaxşı olmağa çalışacağıq.

– “Qarabağ”ın əsl gücünün “Sabah”la matçda bəlli olacağı fikri səsləndirilir…
– Xeyr, bu fikirlə razı deyiləm. “Sabah”a məğlub olsaq, gücsüz olduğumuzu demək düzgün olmaz. Futbolçularımızın bugünkündən daha yaxşı oynamaq potensialı var. Həm “Sabah”, həm də “Neftçi” yaxşı səviyyəyə çatıb. Rəqiblərimizin gücünü nəzərə alaraq futbolçularımıza düzgün yanaşmalıyıq. Çempionatda zəif komanda yoxdur. Ən azından, komandaların məşqçiləri və futbolçuları arasında inam var.

– Son vaxtlar qazandığı qələbələrdən sonra “Neftçi”nin də çempionluq uğrunda mübarizə aparacağını demək olarmı?
– Tamamilə. Meydanda çox güclü komanda var idi. Yaxşı hazırlaşmışdılar. Çempion ola biləcək komandadı.

– Ötən ay AFFA-nın Media və Marketinq Departamentində birdən-birə 8 əməkdaş işdən çıxarılıb. Onların arasında Vətən müharibəsi qazisi, sizin yaxından tanıdığınız Mehman Əşrəfov da var idi. Cahangir Fərəcullayev onları işdən çıxararkən bunun özünün deyil, İcraiyyə Komitəsinin qərarı olduğunu bildirib. Bu barədə məlumatınız var?
– Məlumatım yoxdu. İlk dəfədi eşidirəm. Ola bilsin, mənə fərqli şəkildə məlumat veriblər.

– Avrokuboklardan kənarda qalmaq yaxşı nəticə olmasa da, yeni komanda qurmaq baxımından faydalıdımı?
– Buna iki cür yanaşmaq olar. Avrokuboklarda iştirak etsəydik, yaxşı olardı. Futbolçularımızın çoxu avrokuboklarda oynamamışdı, qrup mərhələsinin ağırlığını hiss etməmişdilər. Həmin qrafikə uyğunlaşmayıblar. Avrokuboklarda iştirak etmək komandamızın formalaşması baxımından faydalı olardı. Digər tərəfdən, indi daha rahat hazırlaşmaq imkanımız var. Daha ciddi və peşəkar yanaşmaq lazımdı. Xeyirlisi budu, başqa sözüm yoxdu.

– Əvvəlki matçlarda “Qarabağ” favorit hesab edilirdi. Rəqibləriniz artıq taktikanızı çözüblər, yoxsa özləri gücləniblər?
– Hər bir komandanın ambisiyaları artıb, gücləniblər. Hər il çempion olmalıyıq deyə bir qayda yoxdu. Rəqiblərimiz “Neftçi” və “Sabah”ın yanaşmaları çox fərqlidi. Hər bir klubda inam var. Bu, məni sevindirir. Bəlkə də, asan olmayacaq, titul qazanmayacağıq. Amma çempionatın səviyyəsinin yüksəlməsi daha vacibdi. Ölkəmizə yaxşı məşqçilər gəlib və bu, bizim üçün faydalıdı. Hər bir komandaya uğurlar arzulayıram.

– Yeni transferlərin Avropada oynamaq həvəsi ilə komandaya gəldiyini söyləmək olarmı?
– Tam əminliklə deyə bilmərəm ki, bu futbolçularla 100 faiz nəticə əldə edəcəyəm. Biz 12 ildi Avropada oynayırdıq. Çox yaxşı komandalara qarşı mübarizə aparırdıq. Hər oyunda yaxşı mübarizə göstərərək Avropa təcrübəmizi nümayiş etdirə bilirdik. “Tvente” ilə burdakı görüşdə oyun baxımından problemlərimiz olsa da, nəticə bizim əlimizdə idi. 80-ci dəqiqədə 1:0 öndə idik. Bəzi futbolçuların zədələnməsi səbəbindən rotasiyalar edə bilmədik. Qayıtmaq asan deyil. Bəzən indi də avrokuboklar haqqında düşünür, onların təsirini hiss edirik. Hər il avrokuboklarda iştirak etməyə bilərik. Bizim işimiz daha yaxşı hazırlaşmaqdı. Nəticə bəzən olacaq, bəzən olmayacaq. Rəhbərlik də bunu başa düşür. Azarkeşlər daha çox şey tələb edirlər. Bu da başadüşüləndi. Bu, “Qarabağ”dı. Amma bu, missiyamızın bitdiyi və yolumuza davam etməyəcəyimiz demək deyil. Ola bilər ki, nəticə indi olsun, ola bilər iki il sonra.

– Komanda 3:1 öndə olarkən azarkeşlər istefa şüarları səsləndirdilər…
– Canları sağ olsun.

– Sizi “Sabah”ın oyunlarında görürük. Sizcə, onlar neçə xal toplayacaqlar?
– İnanmaq lazımdı. Bu zaman nəticə olacaq. “Sabah” elə səviyyədədi ki, sanki 5-6 ildi avrokuboklarda mübarizə aparır. Mənə elə gəlir ki, “Borussiya”ya da məğlub olmayacaqlar.

– Avrokuboklarda oynadığınız vaxt topla meydanda oyun faizindən danışırdız. İndi yerli liqada faizdə yüksəlmə var?
– Hansısa oyunumuz ürəkaçan olmaya bilər. Amma oyundan-oyuna irəliləyiş olur. Yeni qaydalara görə oyunun sürəti də artıb. Dəyişiklik yüz faiz hiss olunur. İki-üç komandaya qarşı bunu yaxşı hiss etdik.

– Milli komanda səfərdə uzun müddətdi qələbə qazanmır. Bu barədə nə düşünürsünüz?
– Gəlin, qalib gəldiyimiz oyunlardan danışaq. Qarşıdakı matçlara hazırlaşmaq lazımdı. Tam favorit yoxdu. Hamı oyunlara ciddi hazırlaşır. Əvvəlkindən daha yaxşı hazırlaşmaq üçün imkanımız var. Ayxan müəllimə uğurlar arzulayıram.

İSRAYIL XEYRULLAYEV