"Bəzi anlarda 3:0 öndə olsan belə, oyunu uduza bilərsən" - Yuri Vernidub

17.10.2026 21:25 45
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 8-ci turunda keçirilən Azərbaycan derbisində qalib müəyyənləşmədi - 3:3.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub oyunsonrası mətbuat konfransında iştirak etdi.

– Qələbəni niyə əldən verdiniz?
– Bu futboldu. Bəzi anlarda 3:0 öndə olsan belə, oyunu uduza bilərsən. Belə məqamlardan nəticə çıxarmaq lazımdı. Bu, derbidi və heç kim məğlub olmaq istəmir. Heç-heçə bizə əlavə üstünlük qazandırmır. Bu oyunu mütləq udmalı idik.

– Nəticəni kənara qoysaq, “Neftçi” əvvəlki matçlarda autsayder təsiri bağışlayırdı. İndi isə demək olar ki, “Sabah” və “Qarabağ” sizin üçün qorxulu rəqiblər deyil?
– Bəlkə də “Sabah”la görüş olmasaydı belə, “Qarabağ”la “Neftçi” arasındakı qarşılaşma yenə derbi sayılardı. Hər iki komanda 1000 oyun keçirib. Bu, artıq hər şeyi deyir. Biz düzgün yoldayıq və işlərimizi qaydasına salmaq üçün çalışmağa davam edəcəyik. Məqsədimiz turnir cədvəlinin ən yuxarısında olmaqdı. Növbəti oyunlar taleyimizi göstərəcək. Hələ çempionatın dörddə biri geridə qalıb, qarşıda 25 oyun var. Kim düzgün yolla davam etsə, qələbə onun olacaq.

– Ardıcıl iki çətin rəqiblə qarşılaşdınız. Dörd xal itirdiniz, yoxsa qələbəni əldən verdiniz?
– Biz dörd xal itirdik. Xüsusilə də bugünkü oyunda.

– Komandanız 3:1 öndə olarkən vaxtı uzatmağa çalışmadı. Bu, sizin təmiz futbol prinsiplərinizlə bağlıdı?
– Mən həmişə istəyirəm ki, “Neftçi” oynasın, vaxt uzatmasın. Hətta gördünüz ki, hücumlarımız zamanı belə, qol vurduğumuz anlarda xüsusi emosional reaksiya vermədik. Bu, bizim seçdiyimiz yoldu. Qaranlıq otaqda qara pişik axtarmaqdansa, öz səhvlərimizdən nəticə çıxarıb yolumuza davam etməliyik. Bu cür davam etsək, daha güclü komanda olacağıq. Mənim istəyim budu. Həmişə turnir cədvəlinin ən yuxarısında olmaq istəyirik.

– Artıq 10 ildi “Neftçi qayıdır” şüarı səsləndirilir. Bu dəfə həmin şüar gerçəkləşdi? Son 10 dəqiqədə iki qol buraxmağınız sizi narahat etmir?
– İndi bu barədə çox danışmaq yox, gedib yatmaq və sabah oyunu təhlil etmək lazımdı. Bu haqda nəsə demək çox çətindi. İnanın, hər oyunu ciddi şəkildə təhlil edirik. Hətta 40 dəqiqə nəzəriyyə üzərində işləsək də, düşünürəm ki, futbol şahmat kimidi. Bəzən hücum etməli, bəzən isə müdafiə olunmalısan. Bu istiqamətdə çalışmağa davam edəcəyik.

– Bu gün hər iki qapıçı kobud səhvlərə yol verdi. “Neftçi”nin qapısına vurulan hər üç qolda Rzanın səhvləri olduğunu düşünənlər var. Yayda qapıçı transferi etmədiyinizə görə peşman deyilsiniz?
– Bu barədə çox şey demək olar. Hər ikisi yaxşı azərbaycanlı qapıçıdı. Oyundan əvvəl Emil xəstələndi, hərarəti 38 dərəcə idi. Ən yaxşı qapıçılar belə səhvlər edirlər. Futbol belədi, bu cür hallar mümkündü. Rza da vaxtilə millinin qapıçısı olub. Hazırda Emil əsas qapıçımızdı, Mehdi isə U-19 yığmasında çıxış edir. Qapıçı məşqçimizlə birlikdə daha çox çalışacağıq. İstəyirik ki, kənardan futbolçu gətirməkdənsə, özümüz yetişdirdiyimiz oyunçular hesabına milliyə futbolçu verək.

İSRAYIL XEYRULLAYEV