Mankunianlar mövsümün ilk 9 rəsmi oyunundan 2 qələbə, 3 heç-heçə, 4 məğlubiyyətlə ayrılıblar. Bu, klub tarixinin ən pis startıdı! Qələbələrdən biri premyer-liqanın debütantı “İpsviç” (5:2), digəri ÇL-də təmsilçimiz “Sabah” (4:0) üzərində əldə olunub.
Bu arada klubun daxilində də ab-havanın yaxşı olmadığı üzə çıxıb. Belə ki, “Atletiko”ya məğlubiyyətin ardından Lisandro Martines rəhbərliyi tənqid edib:
“Bu, sadəcə, biabırçılıqdı. Özümü idarə etməyə çalışsam da, bu yaşananlar əslində klubun hansı durumda olduğunu göstərir. Açığı, bu mövsüm rəhbərlikdən daha çox sərmayə, yaxşı transfer siyasəti gözləyirdim. Eləcə də texniki direktorumuzdan çox şey gözləyirəm. Təbii ki, biz futbolçular da əlimizdən gələni etməliyik. Amma daha rəqabətədavamlı olmaq, bugünkü kimi oyunların səviyyəsinə cavab vermək üçün heyət də güclü olmalıdı. Komandanın yaxşı nəticə qazanmağa can atmadığını görmək məni qəzəbləndirir. Problemin baş məşqçidə olduğunu düşünmürəm. O əlindən gələni edir. Ötən mövsüm etdiklərinlə kifayətlənməməlisən. Çünki rəqiblər artıq hər şeyi görür. Heç nəyi dəyişmədikdə yeni mövsümdə problemlər yaşamağa başlayırsan. Tez-tez məşqçi dəyişmək çıxış yolu deyil. Başqa məqamlara da diqqət yetirmək lazımdı”.
Təcrübəli argentinalı müdafiəçinin sözləri böyük əks-səda doğurdu. Roy Kin və Ueyn Runi kimi klubun əfsanələri Martinesi tənqid ediblər. Runi “bu cür sözlər vəziyyətdən çıxış yolu deyil, çətin anda oyunçular birləşməlidi” deyibsə, Kin “bu sözlər daxildə əsl xaos hökm sürdüyünü göstərir, insan belə sözlər deməmiş öncə güzgüdə özünə baxmalıdı” ifadəsini işlədib.
İngiltərə mənbələrinin yazdığına inansaq, 28 yaşlı futbolçu bu sözlərinə görə pul cəzası ala bilər. Bundan başqa, rəhbərliyin qərarı ilə o, “Lids”ə qarşı növbəti oyunu buraxa bilər. Lisandro Martines dünən rəhbərliklə görüşərək sözlərinə aydınlıq gətirməli idi. Klubda bəzi futbolçuların onunla həmfikir olduğu da deyilir. Qalmaqal böyüyəndən sonra Martines öz səhifəsində paylaşım edərək gərginliyi azaltmağa çalışıb. O oyundan sonra əsəbi olduğunu vurğulayaraq, klubun ən güclü hədəflər uğrunda mübarizə aparmasını istədiyini, futbolçuların özlərindən daha çoxunu tələb etməli olduqlarını yazıb. Ancaq bu sözlər, çətin ki, onu cəzadan xilas etsin.
Bəzi mənbələr Martinesin qışda satılacağını iddia edir. Rəhbərliyin Martines tərəfindən tənqid olunan texniki direktor Ceyson Uilkoksla yollarını ayırmaq niyyəti yoxdu. Ancaq baş məşqçi Maykl Kerrikin “kreslosu” ciddi şəkildə laxlamaqda davam edir. “San” nəşrinin yazdığına görə “Yunayted” “Brayton”un başında önəmli işlərə imza atan Fabian Hürtselerə ciddi maraq göstərir.




