“Xankəndi” “Şahdağ Qusar”ın zəif yerini necə tapıb? – Röyal Nəcəfov açıqladı

17.10.2026 22:17 117
Ölkə futbolu / Manşet
Srağagün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 5-ci turun ilk oyunları keçirildi. Lider “Şahdağ Qusar”ı qəbul edən “Xankəndi” sürpriz qələbəyə imza atdı.

Bilindiyi kimi, Qarabağ təmsilçisi buna qədər qələbə qazana bilməmişdi. Komandanın yüksəlişi Röyal Nəcəfovun baş məşqçi postunda Zaur Hacıyevi əvəzləməsindən sonra başladı.

Bəs, meydan sahibləri hansı amillərin hesabına qalib gəldi? Lideri devirnməyin formulu nə imiş?

Bu suallarla “Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Süpriz qələbə deyil. Hazırlıq səviyyəmiz çox yaxşı idi. Rəqibləri düzgün təhlil etməyə, yaxşı hazırlaşmağa çalışırıq. “Şimal”a qarşı oyunda hələ vəzifəyə yeni gəlmişdim. Hazırlıq üçün vaxt az idi. Bu oyunda artıq komanda istəklərimizi meydanda yerinə yetirdi. Zamanla daha güclü “Xankəndi” görəcəyik. Əlbəttə, rəqib də güclü idi. Bizimlə matça qədər cəmi bir qol buraxmışdılar. Amma bizim komandada yetərincə dəyərli, keyfiyyətli futbolçu var. Sadəcə, onları bir araya gətirib, keyfiyyət olduqlarına inandırmaq lazım idi”.

Röyal bəy yeni iş yerində qarşısına qoyulan hədəflərdən də bəhs etdi:

“Məqsədimiz bu il 1-ci liqada qalmaq, mövsümü mümkün qədər yüksək pillələrdə başa vurmaqdı. Bu müddətdən istifadə edib, növbəti “futbol ili” üçün möhkəm komanda formalaşdırmalıyıq”.

Xatırladaq ki, Qarabağ təmsilçisi hazırda 5 xalla 7-ci sıradadı.

KƏNAN BAHADIR