Roman Qriqorçukun istefasından sonra “Qəbələ”nin yeni baş məşqçisinin kim olacağı maraqla gözlənilirdi. Dünən ukraynalı mütəxəssisin xələfi müəyyənləşdi. Samir Abasovun Qriqorçuku əvəzləyəcəyi gözlənilsə də, rəhbərlik fərqli addım atıb. Bundan sonra “qırmızı-qaralar”ı Sənan Qurbanov çalışdıracaq. 38 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Futbolçu kimi “Qarabağ” (1998-2000), “Dinamo” (2000-03), “Şəfa” (2003), İran “Saypa”sı (2004), “MKT-Araz” (2004/05), “Şahdağ” (2005/06), “Qəbələ” (2006/07), AZAL (2007), ABN (2007/08), MOİK (2008) və “Muğan”da (2009) çıxış edən hücumçu həm gənclərdən ibarət, həm də əsas millidə forma geyib. O, əsas yığmada 1 oyun keçirib. Qurbanov 2004-cü il martın 31-də, Moldova ilə səfər matçında (1:2) meydana çıxıb.
Sənan bəy futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. O, 2012-ci ilin yayından “Qəbələ”nin əsas komandasında köməkçı-məşqçi kimi fəaliyyət göstərib. 2014-ün dekabrında Dorinel Muntyanu ilə yollar ayrıldıqdan sonra Qurbanov “qırmızı-qaralar”ı baş məşqçi kimi premyer-liqada 3 matça çıxarıb. Bu oyunlarda “Qəbələ” 1 qələbə qazanıb, 2 heç-heçə edib.
Rəhbərliyin bu addımından sonra transfer siyasətinin necə qurulacağı maraqlıdı. Görünən odu ki, büdcə azaldılacaq və klub əsasən akademiyanın yetirmələrinə şans verəcək.
SƏRXAN