Son 9 ayda Avropadakı nəticələr baxımından ciddi şəkildə geriləyən “Qarabağ”ın uğursuz çıxışı ilə bağlı fərqli versiyalar var. Həmin versiyalardan biri də budu ki, Ağdam klubu ölkə çempionatında ciddi rəqabətlə üzləşmir, belədə tələbkarlıq səviyyəsi istər-istəməz aşağı düşür. Yumşaq desək, komanda deyə-gülə çempion olur, Avropada isə bunun fəsadları ilə üzləşir. Doğrudanmı, yerli çempionatın səviyyəsi “Qarabağ”ın avrokuboklardakı nəticələrinə təsir edir?
“Futbol+”in sualını AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov cavabladı.
“Yox, belə düşünməzdim. “Qarabağ”ın ən yaxşı dövrlərində çempionatımız bugünkündən daha yüksək səviyyədə deyildi ki... Sadəcə, istənilən klubun müəyyən müddətdə durğunluq dövrü yaşayır. Biz bu halı dünyanın aparıcı futbol ölkələrinin ən titullu klublarının simasında da görmüşük. Güman edirəm ki, “Qarabağ”ın idarə heyətinin və məşqçilər korpusunun yüksək peşəkarlığı sayəsində yaranmış böhran tezliklə aradan qaldırılacaq, komandaya yeni nəfəs gələcək, klub ənənəvi oyun dəst-xəttini bərpa edəcək”.
RÖYANƏ OĞUZ






