...Ona görə ki, futbolumuzda növbəti biabırçılıq baş verib. Belə ki, AFFA U-15 liqasında keçirilməli olan EFA – “Qəbələ” matçı keçirilməyib. Niyə? Allah uzaq eləsin, stadiona göydən meteor düşüb? Yox, səbəb daha faciəvidi! Sən demə, oyuna hakim təyin edilməyib. Ha-ha-ha... Təbii ki, gülməlidi, gəlin, hamımız gülək. Özü yıxılan ağlamaz axı... Yəqin bir də heç kim bu sualın cavabını düşünməz: uşaq futbolu niyə inkişaf etmir?
“Qəbələ” Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə bədbəxtliyə biganə qalmayıb:
“U-15 liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdı. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16.30-a kimi gözləyib, sonra qayıdıb. Bu, hələ U-15 liqasıdı. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdi”.
Bəs, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli məsələ haqda nə deyir? Qurum rəsmisinin “Football-plus.az”a açıqlaması:
“Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”.
Belədə “Dəli yığıncağı”nda bəhs edilən başqa məsələni xatırlamamaq mümkün deyil. Deməli, həmin əsərdə xəstələri xalqın dilini bilməyən, xarici məmləkətdən gəlmiş həkimlər müalicə edir...
Hə, belə-belə işlər, cənab Frank de Bleker...
KƏNAN BAHADIR



