Premyer-liqanın aşkar autsayderi “Kəpəz” Masazırda 1 xala sevindi. 13-cü turda “Sabah”ın qonağı olan gəncəlilər 2:2 hesablı bərabərliklə hesabına daha 1 xal yazdı.
“Football-plus.az” oyundan sonra komandanın yarımmüdafiəçi Orxan Əliyevlə söhbətləşdi.
- “Sabah”dan səfərdə bir xal aldız. Hesab ədalətliydimi?
- Əslində oyun ağır keçdi. Bilirdik ki, “Sabah” yaxşı komandadı. Birinci hissədə yaxşı oynadıq, çox hücum etdik. Gərgin mübarizə keçdi. Məncə, heç-heçə ədalətli nəticədi.
– Komandanı erkən qolla sevindirsən də, sonra avtoqol vurdun. Qələbə qolunu vurmağa nə mane oldu?
- Əlbəttə, qələbə qazanmaq istəyirdik. Komanda da, mən də buna inanırdıq. Sadəcə, futboldu, rəqib də bizim kimi qələbə istəyirdi. Hesab edirəm ki, heç-heçə indiki vəziyyətdə ən yaxşı nəticədi.
– Çox adam gözləyirdi ki, növbəti komandanı məğlub edərək baş məşqçini istefaya göndərəsiz...
– Bu haqda nəsə demək düzgün olmaz. Biz uda da bilərdik, uduza da. Amma bərabər oynadıq. Oyun belə deməyə əsas verir. Həm də bizdə də, onlarda da arxayınlıqlar olurdu.
– Xal qazandıqca komandada ab-hava da dəyişirmi? Baş məşqçi Azər Bağırov paltardəyişmə otağında nə dedi?
– Əlbəttə. Özünüz görürsüz, paltardəyişmə otağında necə şənlik var. Azər müəllim dedi ki, çətin olsa da, yaxşı performans göstərdiz. Uda da bilərdiz, amma bəzən olmur. Buna da şükür.
– “Kəpəz” qış fasiləsinə qədər nə etməyi düşünür?
– Xal qazanmağı. Çətin vəziyyətdə olduğumuzu bilirik. Buna baxmayaraq, vuruşsaq, rahat irəli gedə bilərik. Mən “Kəpəz” i sonuncu yerə layiq görmürəm. Daha yuxarı pillələrdə olmalıdı. İnanıram ki, belə də olacaq.
– “Neftçi”, “Sabah” və “Səbail”dən xal aldız. Onlar sizi ciddiyə almır, yoxsa siz yavaş-yavaş toparlanırsız?
– Hər oyuna qələbə üçün çıxırıq. Bilirik ki, komandalar güclüdü. Əksinə, belə klublara qarşı oynamaq bizə motivasiya verir. Belə komandalardan xal almaq indiki vəziyyətdə böyük işdi.
– Mövsümün əvvəlində komandaya qoşuldun. “Kəpəz”ə tam öyrəşmisən, yoxsa fasilədə başqa təklifləri dəyərləndirə bilərsən?
– Bura öyrəşmişəm. Uşaqların hamısını da tanıyıram. Bir-birimizi məşqlərda də görürük. Kimisə ayrıca demək istəmirəm, hamımız birik. Bu işi bir yerdə görürük. Çalışırıq ki, komandamızı bu vəziyyətdsn çıxaraq. Təkliflər barədə danışmaq istəmirəm.
– “Araz-Naxçıvan”da komandanın vuran ayağı idin, hətta bombardirlər siyasında adın da vardı. İndi sənə bunun üçün nə mane olur?
– Əlbəttə, öz üzərimdə işləyirəm. Çalışıram hər oyunda qol vurum. Fərqi yoxdu. İstəyirəm daha çox qollar vurub milliyə dəvət alım. Azərbaycan millisində, yəni öz yığmamızda forma geymək istəyirəm.
RÖYANƏ OĞUZ
“Özünüz görürsüz, paltardəyişmə otağında necə şənlik var” – Orxan Əliyev
Aktual / Müsahibə




