Məlum olduğu kimi ''Real'' və Braziliya yığmasının ulduzu Vinisius bu mükafatı qazanmağa əsas namizəd hesab olunurdu. Amma ''Frans Futbol'' nəşri, eləcə də FİFA tərəfindən birlikdə verilən bu mükafat gözlənilmədən ''Mançester Siti'' və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodriyə qismət oldu. Mərasimin ardından Vinisiusun bir çox indiki, eləcə də sabiq komanda yoldaşları müxtəlif paylaşımlarla ona dəstək verdilər.
Bu arada 2022-də məhz ''Real''da oynayarkən bu mükafatı qazanmış Kərim Benzema son açıqlaması ilə diqqət çəkib. Hazırda karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-İttihad''da davam etdirən fransalı ulduz bunları deyib:
''Frans Futbol'' nəşri haqda danışmaq istəmirəm. Vinisius ötən mövsüm üzərində çox çalışmışdı. Az qala ''Real''ın Çempionlar Liqasındakı hər oyununda meydanda fərq yaratmağı bacarırdı. ''Qızıl top''u qazanmağa tam layiq idi. Rodriylə bağlı pis düşüncələrim yoxdu. Yaxşı futbolçudu. Amma məsələn, mən evdə oturub televizordan onun iştirakı ilə keçən bir oyuna baxdıqda meydanda məni həyəcanlandıracaq bir şeylər etmir. Vini isə dəfələrlə olub ki, məni yerimdən qalxmağa vadar edən hərəkətlər edib. Açığı, ''Qızıl top''un bu il ona verilməməsi utancverici bir durumdu''.
ƏLİ




